Sinif yoldaşını döyən məktəbli ilə bağlı daha bir - Açıqlama
Məlum olduğu kimi, ötən ay sosial şəbəkədə Sabunçu rayonu 112 nömrəli tam orta məktəbdə şagirdlərdən birinin sinif yoldaşını döyməsini əks etdirən videogörüntülər yayılmışdı.
Belə ki, bir məktəbli digərinə qarşı fiziki təzyiq göstərmiş, başqa biri isə hadisəni videolentə almışdı.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ barədə daha bir açıqlama yayıb. Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtdakı 112 nömrəli tam orta məktəbdə şagirdlərdən birinin sinif yoldaşına qarşı fiziki zorakılığı ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərlə əlaqədar idarə tərəfindən müvafiq tədbirlər həyata keçirilib: “Hadisənin iştirakçıları olan şagirdlərə zəruri psixoloji xidmət göstərilib, zərərçəkən şagird və onun valideynləri ilə görüş keçirilib, profilaktik söhbətlər aparılıb, şagirdin təhlükəsiz təhsil şəraitinin təmin olunduğu valideynlərinin nəzərinə çatdırılıb. Hadisənin iştirakçısı olan şagirdlərə nəzarətin gücləndirilməsi və aidiyyəti tədbirlərin görülməsi istiqamətində Bakı şəhəri 112 nömrəli tam orta məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib”.
İdarədən bildirilib ki, videogörüntüdə sinif yoldaşına xəsarət yetirən şagird ailəsinin təşəbbüsü və xahişi əsasında təhsilini hazırda Yevlaxdakı məktəblərin birində davam etdirir. Məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.
Qeyd edək ki, yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib. Məktəbdən verilən açıqlamada qeyd olunurdu ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay