"Qadınlar aliment, sosial şəbəkələrdə azğınlıq etmək, sərbəst yaşamaq üçün boşanırlar..." - SƏRT AÇIQLAMA
Azərbaycanda son vaxtlar boşanmalarla bağlı statistika heç də ürəkaçan deyil. Belə ki, bu ilin birinci yarısında ölkədə 10430 boşanma qeydə alınıb. Bu isə o deməkdir ki, hər min nəfərə 2,1 boşanma və ya təxminən 2 nikaha bir boşanma düşür. Son illərin statistik rəqəmləri ümumilikdə boşanma sayının artdığını göstərir.
Digər tərəfdən, bu cür halların artmasına müəyyən verilişlərdə və oradakı çıxışlarda dəstək verilir. Eyni zamanda, gənclər sosial mediada video kontentlər çəkirlər, xüsusilə xanımlar bir-birinə evlənməyi, uşaq dünyaya gətirib boşanmağı, daha sonra uşaqdan istifadə edib qarşı tərəfin maddi imkanlarından istifadə etməyi “tövsiyə” edir. Sosial yönümlü verilişlərdə isə bəzən aparıcılardan da oxşar fikirlər eşidirik. Təəssüf ki, müəyyən valideynlər də bunu xüsusilə qız övladlarına aşılayırlar, yəni “boşan və istifadə et”…
Gənclərə niyə belə “məsləhətlər” verilir? Ailə institutunun dağılmasında kimlər və niyə maraqlıdır?
Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı deyib ki, həyasız insanlar efirlərə ayaq açan gündən həyamız itdi:
“Həya barədə minimum anlayışı olmayanlar efirlərdə necə davranmaq lazım olduğu, nəyin daha yaxşı, nəyin daha pis olduğu barədə mühazirələr verməyə başladılar. Bütün vücudu 5 qəpiyə dəyməyən adamlar, özlərində hətta dırnağı ilə elm istehsal edən insanlara həya, ar, namus dərsi vermək cəsarəti tapdılar. Onlara bu meydanı televiziyalar verdilər, onlara bu imkanı tanıdılar. Boşanan, vətəndaş nikahından uşaq doğanları efirdə uğurlu karyera quran biri kimi reklam etməyə başladılar, "karyerasının uğuru"nu boşanmasına bağladılar. Sosial şəbəkələrdəki azğınlıq isə pik həddədir. Qadınlar nə qədər alçala bilərmiş, kişilər qeyrətini nə qədər itirə bilərmiş, hamısını orada gördük. Hər iki tərəf sanki alçaqlıq uğrunda kim daha da ucuzlaşa, rəzilləşə bilər deyə bir-biri ilə yarışır.Aliment bəzi qadınların qazanc yeri olub, ərindən küsən boşanmamış aliment davası edir. Qızlar boşanmaq üçün evlənir desək, sərt olar, amma doğru olar. Ailə qurmamış boşanma halında əldə edəcəklərinin hesabatını aparan nəsil yetişib. Onları həm valideynləri, həm də çevrə elə tərbiyə edir. Ailə qur, bir uşaq doğ, aliment kəsdir, smartfon al və sosial şəbəkə fenomeni olmağa çalış, ekran qarşısında soyun, çılpaq oyna, erotik hərəkətlər et, yaxşı gəlirin olacaq - qızların həyat fəlsəfəsi budur”.
Sosioloq qeyd edib ki, ailəsində xırda problemi olan qadınlar da qeyd edilən şəxsləri görüb boşanırlar:
“Onlar düşünür ki, həm aliment alaram, həm də sosial şəbəklərdən pul qazanaram, sərbəst yaşayaram. Əgər bəzi xüsusiyyətləri geri qazana bilməsək, bu vəziyyət daha da pisləşəcək. Xüsusilə həya, abır kimi milli dəyərlər demək olar ki itib. Həya bir cəmiyyətin süzgəcidir, müdafiə mexanizmidir. Həya insanlığın təməlidir, zirvəsidir, insanın, xüsusilə qadının zinətidir. Əgər bir insan, fərqi yoxdur kişi, yoxsa qadın həyasını itiribsə, bu, onun itirəcək heç nəyi qalmayıb deməkdir. Həya əslində bizim sığortamızdır. Bizi insanlıqdan çıxmağa qoymayan, üzümüzü qızardan və utanmağı unutdurmayan sığortamız....Həyasız insan ətrafında kimsə həyalı, abırlı qalsın istəmir, onlar qınanmamaq, sərbəst ola bilmək üçün hamını özlərinə bənzətməyə çalışırlar. Qadınları boşanmağa, ailəsini dağıtmağa sürükləyənlər də məhz bu cür insanlardır. Onlar üçün fərqi yoxdur, ailə dəyəri, ailə institutu nədir....Abır-həyasını itirən insanın etməyəcəyi şey yoxdur”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay