COP29-da Türkiyə pavilyonunun açılış mərasimi keçirildi - FOTO
Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumun iştirakı ilə COP29-da Türkiyə pavilyonunun açılış mərasimi keçirilib.
Gundem.az xəbər verir ki, açılış mərasimində Murat Kurum COP29 Azərbaycanda keçirildiyi üçün Türkiyənin burada "bir millət, iki dövlət" prinsipi ilə daha fəal iştirak etdiyini deyib.
"Bundan əlavə, biz bu dəfə iqlim dəyişikliyi ilə bağlı maliyyə mexanizmlərini də müzakirə edəcəyik", - deyə nazir Murat Kurum bildirib.
Daha sonra nazir pavilyon ilə yaxından tanış olub.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Məqaləyə dair fotomateriallar:
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay