BAKU Azərbaycan
°C

Məhbəsdən qaçış bütün dövrlərdə əksəriyyətin maraqla qarşıladığı hekayələrdəndir. Həbsxanadan qaçış planları heç də həmişə uğurlu alınmayıb. Amma buna nail olanlar da az olmayıb. Onların bir çoxu haqda filmlər çəkilib, kitablar yazılıb. 

Gundem.az həbsxanadan qaçış planları ilə tarixə iz salmış məhkumlarla bağlı kiçik araşdırma aparıb. Həmin yazını təqdim edirik.

Bayıl həbsxanası: Buradan kimlər qaçıb? 

Azərbaycanın ən qədim və ən böyük istintaq təcridxanası olan Bayıl həbsxanası 1820-ci ildə tikilib və 1888-ci ilədək burada Xəzər Hərbi Gəmiçiliyinin əsgər kazarması yerləşib. Həbsxana əvvəlcə 400 nəfərlik nəzərdə tutulsa da, onun sahəsi sonradan altı korpusadək böyüdülüb, tutumu isə 1500 nəfərə qədər artıb. Müəssisə sovet hakimiyyəti dövründə tutumu 1500 nəfər olan 1 saylı isintintaq təcridxanası kimi fəaliyyət göstərib. 1999-cu ilin oktyabrına qədər Daxili İşlər Nazirliyinin nəzdində olan həbsxana sonra Ədliyyə Nazirliyinin tabeliyinə verilib. Məhbusların sayı 90-cı illərdə limiti xeyli keçərək iki min nəfərə çatıb.

Həbsxana 2009-cu ilin iyulunda sökülüb, onun yerində isə Dövlət Bayrağı Meydanı inşa edilib. Bayıl həbsxanasının ən tanınmış dustağı siyasi xadim və “xalqların rəhbəri” İosif Vissarionoviç Stalin olub. İosif Cuqaşvili cəzasını 39 nömrəli kamerada çəkib.

Sonradan SSRİ-nin prokuroru və Xarici İşlər naziri olmuş Andrey Vışinski Stalinlə birlikdə burada cəza çəkib.

Kriminal aləmin avtoritetlərindən Nadir Səlifov (Lotu Quli), Aleksandr Oqanov (Saşik Bakinski), Bəxtiyar Kərimov (Baxo Novxaninski, Lotu Bəxtiyar), Çingiz Səfərov (Çingiz Montinski), Rudolf Oqanov (Rudik Bakinski), Məhərrəm Rəşidoğlu (Məhərrəm) və digər “qanuni oğrular” Bayıl həbsxanasına yerləşdirilib.

Həbsxananın tarixi ərzində oradan cəmi üç qaçış baş tutub.

İlk dəfə buradan Stalin qaça bilib. Gənc Cuqaşvili haqqında əfsanə dustaqların arasında gəzən ibrətamiz hekayəyə çevrilmişdi. 1994-cü ilin oktyabrınadək gənc “Koba”nın dəlisovluğunu dustaqlardan heç kəs təkrarlamağa cürət etməmişdi.

Bayıldan ikinci qaçış

Həbsxanadan ikinci uğurlu qaçış isə əsrin sonunda, ölümə məhkum olan 10 dustaq tərəfindən 1994-cü ildə, oktyabrın 1-nə keçən gecə yerin altı ilə yol qazmaqla həyata keçirilib.

1994-cü ilin aprelində haqqında ölüm hökmü çıxarılan desantçı-zabit İqor qaçmaq barədə plan cızıb. O, qaçış planını kamera yoldaşları Süleyman, Ramiz, Coşqun və Heydər ilə bölüşüb. Onlar pəncərə barmaqlıqlarını yavaş-yavaş mişarlamağa başlayıblar. Bu zaman korpusa “baxan” (“smotryaşiy”) Elman qonşu kamerada olub və haradansa bu plan barədə xəbər tutub. O, İqorun kamerasına öz kamerası ilə birləşib qaçmağı təklif edib.

Lakin on nəfərin pəncərədən qaçması təhlükəli olduğu üçün məhbuslar taxtın altından cəmi iki metr məsafədə olan divarın altına yol qazmaq qərarına gəliblər.

Sentyabrın 30-da üç nəfər qazıntı işləri ilə məşğul olub və cəmi üç saata işi bitirib, digərlərini köməyə çağıracaqlarına inandırıblar. Lakin onlar dərhal qaçaraq dəstədən ayrılıblar.

“Başçılar”ının (Elmanın) aradan çıxdığını öyrəndikdə, qalan üç kamera yoldaşı da qaçıb. Daha sonra 131-ci kameradan olan digər dörd məhbus tuneldən iki-iki çıxıb. İqor kameranı ən sonda tərk edib.

Razılaşdırılmış qaçış əvəzinə, hərə bir tərəfə səpələnib. Lakin onlardan yeddi nəfər elə ilk 10 gün ərzində həbs olunub. Səkkizinci qaçaq isə daha sonra ələ keçib. Yalnız iki nəfər xaricə yol taparaq ölkədən çıxa bilib.

Qaçaqlardan biri olan Elmar azadlıqda olarkən silah tapıb və 1995-ci ilin mayında Bərdədə saxlanıldığı zaman polislərə qumbara atıb. Onu yerindəcə güllələyiblər.

İlk saxlanılan Heydər və Siyavuş olub. Nəzarətçilər Siyavuşu dəhlizdə ölümcül döyüblər. Heydərə açıq şəkildə bildirib ki, onun ölüm əmri verilib: “Bizə səni öldürməyi əmr ediblər, yaxşısı budur, bunu özün et”.

O, kamerada ülgüc taparaq damarlarını doğrayıb. Lakin kamera yoldaşları onu xilas ediblər. Bir müddət sonra Heydər sətəlcəmdən dünyasını dəyişib.

MTN təcridxanasından qaçış

Azərbaycan tarixində həbsxanadan səs-küylü qaçan tanınmışlardan biri də Arif Paşadır. O, 90-cı illərdə MTN təcridxanasından qaçan tanınmışlardan olub. Arif Paşa həbsxanadan qaçmaq qərarına gəlməsini günahsız həbs olunması və öldürüləcəyini bilməsi ilə əsaslandırıb. O, qaçış planının təfərrüatlarını da paylaşıb. O bildirib ki, sağ qalmaq üçün qaçmaqdan başqa şansı yox idi: 

“Açığı, o qaçış mənim üçün çox müəmmalı idi. Elə məqamlar var ki, hələ də mənə aydın deyil. Axşam idi, növbə rəisi Faiq Mirzəyev gəlib məni kameradan çıxardı və karserə salınacağımı dedi. Məni apardı növbə rəisinin otağına. Gördüm ki, Rəhim Qazıyev orada əyləşib. Stolun üstündə yemək-içmək, araq var idi. Bu, həmin vaxt idi ki, mənim haqqımda həbs qətimkan tədbiri bir-iki günə dəyişəsi və azadlığa buraxılası idim. Rəhim Qazıyev Faiq Mirzəyevin yanında onun adından mənə dedi ki, təcridxanadan qaçmalıyıq. Əks halda, bizi öldürəcəklər. O, getmək planının da hazır olduğunu dedi. Öncə düşündüm ki, bir neçə günə azad olunacağam, niyə qaçım. Sonra düşündüm ki, artıq çox ciddi bir əməliyyatın, cinayətin hazırlandığından xəbərdar insana çevrilmişəm. Getmək istəməsəm də məni bu faktı bildiyim üçün sağ qoymazlar. Beynimdə bu cür götür-qoy edib gördüm ki, getmək qalmaqdan şanslıdır. Qalmaq yüz faiz ölümdür. Mən Rəhimlə Faiqə dedim ki, niyə məhz mən də qaçmalıyam. Dedilər ki, öldürüləcək adamların sırasındayam. Belə başa düşdüm ki, Şuşa-Laçın işində dindirilən insanların öldürülmə planı var. Mirzəyevlə Qazıyevin dediklərinə inanmamağa əsasım yox idi. Çünki bir dəfə də zəhərlənmişdim”.

Alfri Georgi Haynds necə qaçıb?

Məhbus Alfri Georgi Haynds isə xüsusi qabiliyyətilə həbsxanadan qaçmaqla kriminal aləmin tarixinə düşüb. Həbsə atılar-atılmaz kameranın açarlarının şəklini göz yaddaşına köçürən məhbus, beynində onun cizgilərini hazırlayır. 8 ay sonra, başqa cinayətlə yenidən yaxalanan məhbus məhkəmə zamanı tualetə getmək istədiyini bildirir. Tualetə daxil olan Alfi nəzarətçiləri ayaqyolunun qapısı qarşısında bir neçə dəqiqə gözlədir və öncədən hazırladığı açarla məhkəmənin tualetinin digər qapısından qaçır.

Ağlagəlməz üsul

Çarlz Viktor Tompson keçmiş sevgilisini qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. Lakin bu cəzaya layiq olmadığını düşünən Viktor həbsxanadan qaçış planı hazırlayır. Tompson kamerasına gündəlik paltarları yığdıqdan sonra vəkili ilə görüş istəyib. Görüş zamanı paltarını dəyişən məhkum kilidli qapıdan sivil vətəndaş kimi çıxaraq qaçmağı bacarıb.

“Xoş günlər”

Ömürlük cəzaya məhkum olmuş məhbuslar Devid Svet və Riçard Met ABŞ-ın Nyu-York ştatındakı ciddi rejimli türmədən qaldıqları kameradan mexaniki cihazlarla yeraltı keçid qazaraq tunellər vasitəsilə qaçmağa nail olublar.

Cinayətkar Devid və Riçard tuneldə onları axtaranlar üçün üzərində "smayl" olan kağız parçası qoyurlar. Kağızın alt hissəində "Xoş günlər" ifadəsi yazılmışdı.

Hökümət qüvvələri təhlükəli cinayətkarların tutulmasına yüz min dollar mükafat təyin etmişdi. Onların axtarışına iki yüzə yaxın polis və onlarla vertolyot cəlb edilmişdi.

Adadan qaçış

Frenk Morris, Klarens Anglin və Con Anglin - bu üçlüyün qaçış planı döyüş filmlərinin süjet xəttinə bənzəyir. Dörd tərəfdən su ilə əhatə olunmuş, heç kimin yaşamadığı bir adada yerləşən, olduqca sərt qaydaların mövcud olduğu, qorxunc "Alkatras" adlı xüsusi rejimli həbsxanada cəza çəkən bu üçlük elektrik süpürgədən hazırladıqları xüsusi alətlə əvvəlcə həbsxana kamerasının beton divarını deşirlər. Oradan havalandırma borusuna, daha sonra isə çölə çıxırlar. Nəzarətçilər onların qaçışından saatlarla sonra xəbər tuturlar. Çünki San Fransiskoya qaçmış məhbuslar nəzarətçilərin duyuq düşməmələri, zaman qazanmaq üçün əvvəlcədən öz başlarına uyğun maketlər hazırlayıb çarpayılarına qoymuşdular. Bununla yanaşı, saçlarını kəsib tükləri maketlərin üstünə qoymaqla özlərinin oxşarlarını yaratmışdılar. Onlar San Fransiskoya istiqamət alanda nəzarətçilər kameranın qapısından baxaraq məhbusların "yatdıqlarını" düşünürdülər. Əslində isə çarpayılarda uzananlar maketlər idi. Onu da qeyd edək ki, qorxunc Alkatras həbsxanasından bu 3 nəfərdən başqa heç kim qaça bilməyib.

Semra Ələkbərli
Gundem.az
 

Son xəbərlər

Yüksək çinli dövlət məmurları Hadı Rəcəblinin yasında - FOTO

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

“Meyxananı böyük səhnəyə atam gətirib”

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Bütün xəbərlər