Azərbaycan özünü ətlə tam təmin edə bilmir - RƏQƏMLƏR
Azərbaycan özünü ət və ət məhsulları ilə tam təmin edə bilmir. Yerli istehsalın miqdarı az olduğundan Azərbaycan məcbur olub hər il xaricdən bir neçə min ton ət idxal edir.
Gundem.az xəbər verir ki, 2023-cü ildə Azərbaycan ətə olan tələbatını ödəmək üçün 67 min tondan çox ət idxal edib. Rəsmi statistikaya əsasən, ölkəmizdə illik ət istehlakının miqdarı 441 min tondur.
İstehlak edilən ətin 171,8 min tonu mal əti, 166,1 min tonu quş əti, 93 min tonu qoyun əti, 10,4 min tonu donuz ətindən ibarətdir.
Mal ətinin 152,7 min tonu yerli istehsal, 20,1 min tonu idxal hesabına təmin edilir. Son illərdə mal əti istehsalında artım müşahidə edilir. Buna baxmayaraq yerli istehsal hələ də daxili tələbi ödəmək imkanına sahib deyil.
Quş əti istehalında artım olsa da daxili tələbi ödəmək üçün idxal vacibdir. Çünki daxili tələb 166 min tondan çox olsa da, yerli istehsal 135,5 min tondur. Buna görə də 2023-cü ildə 31,76 min tona yaxın quş əti idxal edilib.
Qoyun əti ilə də özümüzü tam təmin edə bilmirik. Qoyun ətinin istehlakı 93 min tona çatıb və yerli istehsal bu qədər tələbin 89 min tonluq hissəsini ödəyir. Qalan hissə idxal olunur. Ötən il xaricdən tələbin tam ödənilməsi üçün 4,7 min ton qoyun əti alınıb.
Azərbaycanda donuz əti də istehlak edilir. Donuz ətinin illik istehlak miqdarı 10,4 min tondur. Ölkəmiz donuz ətinə olan tələbinin təxminən 10 min tonunu idxal hesabına təmin edir. Yalnız 500 tona yaxın ət tələbi yerli istehsal hesabına ödənilir.
Beləliklə, Azərbaycan ətə olan tələbatını ödəmək üçün 31,76 min ton quş əti, 20,1 min ton mal əti, 10 min ton donuz əti və 4,7 min ton qoyun əti alıb.
Ümumilikdə ölkəmiz ətə olan tələbin 15 faizini idxal hesabına ödəyir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay