MDB-yə sədrlik Qazaxıstana keçdi
Bu gündən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik Qazaxıstana keçib.
Gundem.az xəbər verir ki, Orta Asiya ölkəsi bu gündən MDB-yə sədrlik edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının oktyabrın 15-də keçirilən iclasında xatırladıb ki, Birliyin yaradılması haqqında tarixi bəyannamə 1991-ci ilin dekabrında Almatıda keçirilən iclasda qəbul edilib. Onun sözlərinə görə, MDB postsovet məkanında genişmiqyaslı fəlakətin qarşısının alınmasında əsas rol oynayıb, xalqlar arasında qarşılıqlı əlaqələrin qorunub saxlanmasına töhfə verib.
Dövlət başçısı əlavə edib ki, MDB məkanında birgə səylər nəticəsində səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb, möhkəm normativ-hüquqi baza formalaşdırılıb. Eyni zamanda fəal siyasi dialoq inkişaf edir, təhlükəsizlik sahəsində əməkdaşlıq möhkəmlənir, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün şərait yaradılır.
Qazaxıstan lideri MDB ölkələrinin qarşısında duran əsas vəzifələr sırasında ticarət-iqtisadi əməkdaşlığın aktivləşdirilməsi və genişləndirilməsini qeyd edib. Prezident xüsusilə MDB ölkələri arasında sənaye əməkdaşlığının genişləndirilməsinə diqqət yetirərək, iqtisadi qarşılıqlı fəaliyyətə yanaşmaların təkmilləşdirilməsinin zəruriliyini bildirib. Bunun üçün o, ən azı 2025-ci ilə qədər sənaye komplekslərinin inkişafı üzrə yeni proqram hazırlamağı və xidmət ticarəti haqqında saziş imzalamağı təklif edib.
Bununla yanaşı, Qazaxıstan Prezidenti ümumi kənd təsərrüfatı bazarının formalaşmasını aktual hesab edir. Onun sözlərinə görə, MDB dövlətlərinin qida sistemlərinin inkişafı və qarşılıqlı fəaliyyəti strategiyasının hazırlanması ümumi maraqlara cavab verərdi. Pandemiyanın mənfi nəticələrinin aradan qaldırılmasında əməkdaşlıq məsələlərinə toxunan Tokayev MDB məkanında peyvənd pasportlarının qarşılıqlı tanınmasını sürətləndirməyi təklif edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay