BAKU Azərbaycan
°C

Bir də sarı taksi məsələsi var ki, həqiqətən çox maraqlıdır. Bu sarı taksi bizi həqiqətə aparmaq üçün gəlib, yoxsa həqiqətdən uzaqlaşdırmaq üçün. Sual budur…

Gundem.az Publika.az-a istinadən Qan Turalının yazısını təqdim edir

Sarı taksini Xoşqədəm Hidayətqızının verilişlərindəki müzakirələr və cinayət işi materialları ilə birgə izləyəcəyik.

Nərmin Quliyevanın yoxa çıxmasından cəmi dörd gün sonra, 25 noyabrda telefonla efirə qoşulan Nərminin əmisi Lətif Quliyev Dondar Quşçu kəndinin “priyezdi”ndə yerləşən mağazanın kamerasına saat 14.44-də sarı bir taksinin düşdüyünü bildirir.

Elə həmin efirə zəng vuran və adının anonim saxlanılmasını istəyən bir kişi Nərmin Quliyevanı 2 gün qabaq “19 BC 344” dövlət nömrə nişanlı sarı taksidə Sabirabad şəhərində gördüyünü bildirdi. Başqa heç bir məlumat verməyən şəxs Nərmin Quliyevanın şəklini efirdə görəndən sonra studiyaya zəng vurduğunu bildirir. Onun maşının markasını xatırlamadığı halda iki gün ərzində nömrəni necə yadda saxladığı kifayət qədər şübhəli görünür. Ancaq mövzumuz bu deyil.

Bu taksi nəyə görə xüsusi əhəmiyyət daşıyır? Bir gün sonra, 26 noyabr efirində isə Nərminin böyük bacısı Şəbnəm sarı taksi ilə bağlı danışır. Həmin hissəsin stenoqramı bu cürdür:

Xoşqədəm Hidayətqızı (XH): – Qızım, o maşını sən gördün də…

Şəbnəm Quliyeva (ŞQ) – Bəli, mən gördüm.

XH: – Əvvəl o sarı taksini görmüşdün?

ŞQ: – Birinci dəfədir görürdüm.

Şərif Quliyev (Şr.Q): – Biz görməmişdik, ancaq eşitmişdik ki, bu vaxta qədər belə bir hadisə olub. Mənim qızımdan soruşduqları kimi başqa uşaqlardan soruşublar.

XH: – Hardadır o başqa uşaqlar, qoşulsunlar xəttə.

Şr.Q: – Bəli, elə bizim polislər də onu deyir ki, məktəbdə müəllimələr vardı, gərək onlar vaxtında polisə deyərdilər.

XH: – Müəllimələrə deyiblər o sarı taksi haqqında?

Şr.Q: – Yox, uşaqlar özləri deyib.

XH: – Uşaqlar müəllimələrə deyiblər?

Şr.Q: – Deməyiblər.

XH: – Bəs kimə deyiblər?

Şr.Q: – Yox, deməyiblər, bir-birlərinə deyiblər.

XH: – İndi bizi izləyən bu uşaqların birinin valideynləri varmı, efirə bağlansın.

ŞrQ: – Ancaq bu taksini, bu taksini mənim qızım görüb.

XH: – Necə bir insan idi, qızım?

ŞQ: – Başında qara günəş “açki”si, başında qara kepka. Qara kurtka geymişdi. Üzünü belə tutmuşdu.

XH: – Üzünü nəylə tutmuşdu, axı maşın sürürdü…

ŞQ: – Başını çıxartdı maşından. Maşını bir az aralıda saxladı, dedi ki, gəl səni evinizə aparım.

XH: – Bəs onda üzünü tutmuşdu?

ŞQ: – Yoxsa üzü tüklü idi, “varatnik”lə üzünü tutmuşdu. Maşında qara pərdə vardı. Dəfələrlə dedi ki, gəl maşına otur. Amma istiqaməti biz tərəfə deyildi. Mən elə “açki”sindən belə.. Adama da belə gəlirdi, qorxulu… Dəfələrlə dedi ki, gəl otur, səni evinizə aparım.

ŞrQ: – Həmən bu dediyi maşın biz tərəfə dönməyib, istitqaməti başqa tərəfə gedib.

XH: – Bəs saat neçə olardı?

ŞQ: – Beşə qalmış, altıya işləmiş…

Düzgün təsəvvür yaratmaq üçün dialoqları olduğu kimi yazdım. İndi tamamilə aydınlıq olsun deyə, izahat verək. Nərmin atasının kurtkasını gətirmək üçün əmisi evinə yollanır, ancaq qayıtmadığı üçün atası Şəbnəmi Nərminin arxasınca göndərir. Şəbnəmin sözlərinə görə o, sarı taksini evlərinə qayıdanda görüb. Şərif Quliyev də qızı Şəbnəmi təsdiqləyərək kənddə hələ Nərmin itkin düşməmişdən qabaq müəmmalı sarı taksinin gəzdiyini, kənd camaatının bu barədə xəbərdar olduğunu bildirir və nədənsə hadisəyə heç bir aidiyyatı olmayan məktəb müəllimlərini qınayır. Şəbnəmin əmisi, Şərifin qardaşı Lətif Quliyev də yuxarıda qeyd etdiyimiz kimi, həmin maşını 14.44-də kameraya düşdüyünü bildirir.

Efirə qoşulan daha bir anonim xanım isə kənddə bir müddətdir sarı taksinin dolaşdığını, uşaqları maşına dəvət etdiyini və bu hadisənin kənddə ajiotaj yaratdığını, bütün valideynlərin bu hadisədən narahat olduğunu da bildirir.

Verilişlə bağlı hələlik bu qədər. Cinayət işi materiallarına nəzər salaq. Şəbnəm Quliyeva 30 noyabrda istintaq tərəfindən dindirilir. Doğrusu, iş üzrə mühüm bir şahid olan Şəbnəmin bu qədər gec, hadisədən 9 gün sonra dindirilməsi də suallar yaradır. İstintaq bu zamana qədər iyirmiyə yaxın şəxsi dindirib. Vəziyyəti daha da dramatikləşdirən Nərmin Quliyevanın anası Aynurə İsmayılovanın da qızı Şəbnəmlə eyni gündə 30 noyabrda dindirilməsidir. Təəssüf ki, bu suallara tutarlı cavabımız yoxdur. Azyaşlı qızın anası və bacısınn o itəndən doqquz gün sonra dindirilməsi heç nə ilə izah edilə bilməz.

Şəbnəm Quliyeva istintaqa verdiyi ifadədə verilişdə dediklərini təkrarlayır. Bu ifadəni əsas götürən Ağır Cinayətlərə dair işlər ürə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Tovuz rayon polis şöbəsinin rəisi Şirzad Əsgərova məktub yazaraq Şəbnəm Quliyevanın qeyd etdiyi taksi ilə bağlı əməliyyat-axtarış fəaliyyəti aparılmasını ondan xahiş edir. Qeyd edilən əməliyyat-axtarış tədbirləri siyahısına müşahidə kameralarının qeydə aldığı videogörüntülərin əldə edilməsi, taksi fəaliyyəti ilə məşğul alan şəxslərin araşdırılması da daxil edilmişdir. Amma nədənsə sarı taksi unudulur…

Efirində səsləndirilən iddiaları yerində yoxlamaq üçün “Dondar Quşçu” kəndindən reportaj hazırlayan Xoşqədəm Hidayətqızı Şəbnəmin sarı taksi ilə bağlı dediklərini mübahisələndirir. Dekabr ayının 2-sində efirə gedən verilişdən məlum olur ki, evinin pəncərəsindən Şəbnəmi görüb onunla söhbətləşən kənd sakini Əminə xanım sarı taksini görməyib. Halbuki, Şəbnəmin işarə verdiyi yer ilə onun pəncərəsi arasında cəmi 30 metr məsafə var. Şəbnəm tutarsızlıqla bağlı suala “Əminə xala içəri girdi” cavabını verir. Sual təkrarlandıqda isə Şəbnəm belə cavab verir: “Adamı tanımırdım deyə maşına minmədim”. Sual üçüncü dəfə təkrarlandıqda isə belə cavab gəlir: “Küçədə heç kim yox idi”. Növbəti dəfə havanın soyuqluğundan danışır. Halbuki, kənd içində uzun məsafə qət edən taksini heç kim görmədiyi halda Şəbnəmi görən bir neçə şahid var.

Şərif Quliyevin verilişdə sarı taksinin ajiotaj yaratdığı, məktəbliləri maşına dəvət etdiyini, kənd sakinlərinin bundan çox narahat olduqlarını bildirdiyi halda kənddə heç kimin nə Nərminin itdiyi gündə, nə də ondan əvvəlki günlərdə sarı taksini görməməsi, bununla da onun sözlərinin yalan olduğunun aşkarlanması cinayət tərkibi yaradır. CM-in 297-ci maddəsi bu halda 2 ildən 6 ilədək həbs cəzası nəzərdə tutur.

Üstəlik, onun qardaşı Lətif Quliyevin “Dondar Quşçu” kəndinin “priyezdi”ndə yerləşən mağazanın kamerasına saat 14.44. sarı bir taksinin düşdüyünü dedikləri də son dərəcə problematikdir. Belə ki, o Tovuz polis rəisinə 21 noyabrda yazdığı izahatda sarı taksi haqqında heç bir şey deməmişdir. Lətif Quliyev efirə telefonla bağlanıb kamera görüntülərini əldə etdiyi barədə çıxışından dörd gün sonra-29 noyabrda prokurora verdiyi ifadədə də nə sarı taksidən, nə də baxdığı videogörüntündən bəhs etmişdir. İstintaqın Lətif Quliyevin efirdə səslənən videogörüntü ilə bağlı ona heç bir sual verməməsi absurd olduğu kimi əvvəllər məhkum edilmiş Lətif Quliyevin sübutları ələ keçirməsi, bununla bağlı istintaqa məlumat verməməsi də cinayət aktıdır. Lətif Quliyevin bu barədə yalan danışması da onu məsuliyyətdən azad etmir.

Cinayət işi materiallarına Şəbnəm Quliyevanın sarı taksi ilə bağlı dedikləri və bu istiqamətdə aparılan əməliyyat-axtarış tədbirləri konteksindən nəzər salaq. Yuxarıda qeyd edildiyi kimi, Şəbnəm Quliyeva ilk dəfə 30 noyabrda dindirilmiş, ancaq həmin dindirilmədə maşının nömrəsi haqqında heç bir söz deməmişdir. Ancaq o, bundan 2 ay sonra, 26 yanvar tarixində atasının da iştirakıyla verdiyi ifadədə maşının nömrəsinin əvvəlini “60 BC” (Tovuzun dövlət nömrə nişanı 60-dır) kimi xatırlamışdır. İstintaqın sarı maşın istiqamətində fəallaşması da bu günlərə təsadüf edir. Bundan bir gün əvvəl Tovuz polis şöbəsinə məktub göndərilərək sarı taksilərin siyahısı istənilmiş, müvafiq qurum da 23 səhifəlik bir siyahı hazırlayaraq istintaqa təqdim etmişdir.

Doğrudur, Şəbnəm Quliyeva ilk ifadəsində sarı taksidən bəhs etmişdi, buna görə də Tovuz polisinə verilən sorğu əsaslıdır. Ancaq, Şəbnəm Quliyevanın istintaqa dövlət nömrə nişanını söyləməmişdən qabaq “60 BC” nömrəli VAZ-2106 markalı maşınların siyahısının Tovuz DYP-sindən gəlməsi prokurorluq orqanları tərəfindən izaha ehtiyacı olan xüsusdur. Başqa cür desək, Şəbnəm Quliyevanın 30 noyabrda verdiyi ifadədə sarı taksidən bəhs edib, 26 yanvar tarixində isə maşının nömrəsini “xatırlaması” qədər həm sarı taksilərin, həm də 60 BC nömrəli sarı taksilərin polis tərəfindən prokurorluğa 25 yanvarda göndərilməsini necə izah etməli? İstintaq orqanı Şəbnəmin sabah nə deyəcəyini bir gün qabaq hardan bilirdi? Şəbnəmin ifadəsindən bir gün sonra Tovuz polisinə verilən əməliyyat tapşırığında “60 BC” ilə başlayan sarı taksilərin Nərmin itkin düşdüyü gün kim tərəfindən idarə edildiyi, sərnişinlərinin kim olduğu barədə müvafiq tədbirlər həyta keçirilməsi xahiş edilmişdir.

Bir məqam da var: 19 yanvar 2020-ci il tarixdə Dondar Quşçu kənd sakini, sarı rəngli “VAZ 2107” maşınının sahibi Nuruyev Ceyhunun fotosu Şəbnəm Quliyevaya tanınmağa təqdim edilmiş, amma Şəbnəm Quliyeva onu maşına dəvət edən sarı taksinin sürücüsünün bu şəxs olmadığını qəti şəkildə bildirmişdir. Tanınma Şəbnəmin ikinci ifadəsindən 6 gün əvvəl baş vermişdir.

Tovuz polisi əməliyyat tapşırığına cavab olaraq “60 BC” dövlət nömrə nişanlı avtomobilləri araşdıraraq bu nişanda olan maşınların qeyd ediən tarixdə 9 (21 noyabr) rayon ərazisində istifadə edilmədiyini müəyyən etmişdir. Elə istintaq tərəfindən dindirilən Şəbnəm Hüseynova əvvəlki ifadəsini təkrarlamış, ancaq tanınma zamanı “Vaz 2106” markalı “60 BC 782” nömrəi avtomobili tanımadığını, yəni, onun rastlaşdığı avtomobil olmadığını bildirmişdir. Bununla da Şəbnəm Quliyevanın iddialarının tam əsassız olduğu müəyyən edilmişdir. Onlarla kənd sakini “Səni axtarıram” verilişinin sualına cavab olaraq Nərminin itməsindən əvvəl kənddə heç bir şübhəli maşın görmədiklərini bildirmişlər. Sonradan sarı taksi qrupuna qoşulan Aynurə İsmayılova da həmin maşının kənddə iki uşağı da maşına dəvət etdiyi barədə danışsa da, konkret ad çəkməmişdir. Lətif Quliyevin varlığını iddia etdiyi videogörüntülər də tapılmamışdır. İstintaq qrupu avtomobilin axtarışı ilə məşğul olsa da, məsələnin mahiyyətinə enməmiş, zərərçəkmişin ailəsinin verdiyi yalan ifadələrin səbəbini ortaya çıxartmağa cəhd göstərməmişdir.

Kənddə Şəbnəmdən başqa heç kimin görmədiyi, Şərifin haqqında eşidib, Aynurənin onu görən məchul şahidlərdən danışıb, Lətifin videosuna baxdığı həmin o sarı taksi yalanı niyə, nəyin naminə uyduruluraq efirlərdə səsləndirildi? Cinayət işi materiallarına salındı? Adətən, təqsirləndirilən şəxslər özlərini təmizə çıxarmaq üçün yalana əl atır, istintaqı yayındırmağa çalışırlar. Bəs zərərçəkmişin ailəsi nəyi gizlətmək istəyir?

Bu ailədə bir iş var…

Heyf Nərmindən… Heyf!

Son xəbərlər

Tiktok bu ölkədə qadağan edilə bilər

Qurban Qurbanovun sabiq köməkçisi İngiltərə klubunda baş məşqçi oldu

Az miqdarda alkoqolun ölümcül ola biləcəyi xəstəliklər - Xəbərdarlıq

Messi "Qalatasaray"a transfer olacaq? - Şok iddia

Azərbaycanda sexdə partlayış - xəsarət alanlar var - FOTO

Bu şəxslərə südlü qəhvə içmək olmaz

Bakıda qadını aldadıb pullarını alan şəxs tutuldu

26 yaşlı qız dəm qazından boğularaq öldü

Qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar

Aparat rəhbərinə ağır itki - FOTO

Elnarə Abdullayevanın ailəsində pis xəbər

İsmayıllıda yanğın

Naxçıvanda ağır qəza - Ölən var - FOTOLAR

Sabah Bakıda leysan olacaq

Elnur Nağdəliyev direktor təyin olundu

Xırdalanda 64 yaşlı qadın 47 yaşlı kişini polisə verdi

DYP bu sürücülərə MÜRACİƏT ETDİ

20 gündür itkin düşmüş şəxsin meyiti tapıldı

Azərbaycanda generala hökm oxundu - 143 milyonluq mənimsəmə

Pənah Bəkirov vəfat etdi - FOTO

Bütün xəbərlər