“Dizel oğurluğu, saxta iş yerləri, dələduzluq…” – Keçmiş prezidentlərin ilginc HƏBS SƏBƏBLƏRİ
Ötən gün Moldovanın eks-prezidenti İqor Dodonun həbs edilməsi dünya mediasının gündəmi oldu.
Gündəm.az mövzunun aktuallığını nəzərə alaraq, barəsində cinayət işi açılmış və ya həbs edilmiş keçmiş prezidentlər haqda məlumatları oxucuların diqqətini çatdırır.
İqor Dodon, Moldova Prezidenti (2016-2020)
72 saat həbs edilib. O, korrupsiyada, qanunsuz varlanmada, partiyanı cinayətkar təşkilatların hesabına maliyyələşdirməkdə və vətənə xəyanətdə şübhəli bilinir. Moldovanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və İnformasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları Dodonun evində, valideynlərinin evində, siyasətçinin rəhbərlik etdiyi Moldova-Rusiya Biznes İttifaqının ofisində və bir sıra digər ünvanlarda axtarış aparıblar. 2020-ci ildə keçmiş deputat İurie Renita o vaxtkı prezident İqor Dodonun Demokratlar Partiyasının lideri Vladimir Plahotniuk və onun müavini Sergey Yaralovla görüşdüyünə dair video yayımlayıb. Videoda Dodon Plahotniukdan paket aldığı açıq görünür. Deputatın dediyinə görə, paketdə külli miqdarda pul olub. Görüş 2019-cu ilin iyununda baş tutub, bir neçə gün sonra Plahotniuk ölkəni tərk edib. 2020-ci ilin iyun ayında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi cinayət əlamətləri aşkar edilmədiyi üçün Dodona qarşı cinayət işi başlamaqdan imtina edib. Bu qərarı məhkəmə qüvvədə saxlasa da, mayın 17-də Kişinyov Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib.
Ayaz Mütəllibov, Azərbaycan Prezidenti (8 sentyabr 1991 — 6 mart 1992)
Ayaz Mütəllibova qarşı Bakıda 1990-cı il 20 yanvarda törədilmiş qırğınlar, Xocalı soyqırımı işləri üzrə ittiham irəli sürülüb. O, həmçinin hakimiyyəti zorla ələ keçirməyə hazırlıqda və digər ağır cinayətlərin törədilməsində ittiham olunub.
2011-ci ildə Ayaz Mütəllibovun prezident İlham Əliyevə etdiyi müraciətlə bağlı onun həbsi ilə əlaqədar qərarın icrası müvəqqəti dayandırılıb.
Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat edib.
Petro Poroşenko, Ukrayna Prezidenti (2014-2019)
Vladimir Zelenski hakimiyyətə gəldikdən sonra Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya qarşı iyirmi cinayət işi açılıb. Poroşenkonun özü bildirib ki , ona qarşı 130 cinayət işi başlanıb, lakin onlardan 40-a yaxını artıq bağlanıb.
Ən qalmaqallı ittiham kəşfiyyatçı Sergey Semoçkonun təyinatı olub. Müstəntiqlərin fikrincə, Poroşenko prosedurlardan yan keçərək öz adamını xüsusi xidmət orqanına rəis müavini vəzifəsinə təyin edib. O, prezidentin göstərişi ilə hərəkət edib və xidməti dövründə Kiyev yaxınlığında səkkiz milyon dollarlıq ev alıb.
Poroşenko bir sıra digər işlərdə, o cümlədən hakimlərin təyin edilməsində, rəsmlərin dövlət sərhədindən keçirilməsində, Kerç boğazında Ukrayna gəmiləri ilə insidentdə və torpaqların satılmasında ittiham olunur. Bu işlərdə eks-prezident şahid statusuna malikdir.
2021-ci il dekabrın 20-də Dövlət İstintaq Bürosu Poroşenkonun dövlətə xəyanətdə və terror təşkilatlarının fəaliyyətinə şərait yaratmaqda şübhəli bilinməsi barədə məlumat yayıb. SBU-nun Baş İstintaq İdarəsinin rəisi Anatoli Buniçin sözlərinə görə, 2014-2015-ci illərdə Poroşenko öz səlahiyyətlərindən Cənubi Afrikadan kömür tədarükü ilə bağlı müqavilələri pozmaq üçün istifadə edib və Moskvanın tələbi ilə Rusiyadan xammalın alınmasına şərait yaradıb. Onun sözlərinə görə, bu, Ukraynaya qarşı təxribatçı fəaliyyətdir, yəni “xəyanət formalarından biridir”.
2022-ci il yanvarın 19-da Kiyev məhkəməsi Poroşenko barəsində vətənə xəyanət işi üzrə qətiimkan tədbiri seçib. Onun xaricə çıxışına qadağa qoyulub. Hətta müstəntiqin icazəsi olmadan Kiyevdən kənara çıxmasına icazə verilməyib. Poroşenko bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək, çünki bu, onun siyasi fəaliyyətinə mane olacaq. Lakin Kiyev Apellyasiya Məhkəməsi Ukraynanın eks-prezidenti Pyotr Poroşenkoya qarşı həbs qətimkan tədbirini qüvvədə saxlayıb .
Uhuru Kenyatta, Keniya Prezidenti (2013-cü ildən vəzifədədir)
Keniya prezidenti Uhuru Kenyatta, həmçinin vitse-prezident Uilyam Ruto və bir sıra digər Keniya siyasətçiləri Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən 2007-2008-ci illərdə bu ölkədə baş verən siyasi böhran zamanı insanlığa qarşı cinayətlər törətməkdə ittiham ediliblər. O, 2002-2007-ci illərdə Kenyatta müxalifətin lideri idi və 2007-ci il prezident seçkilərində iştirak etdi, lakin məğlub oldu.
Bundan sonra Uhuru Kenyatta ölkədə zorakılığa əl atdı. Təxminən 1,5 min nəfər onun zorakılığının qurbanı olub. 5 dekabr 2014-cü ildə Kenyattaya qarşı ittihamlar ləğv edlib.
Park Geun-hye, Cənubi Koreya Prezidenti (2013-2017)
2017-ci il martın 30-da Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın He rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və məxfi məlumatları kənar şəxsə - keçmiş prezident Çoi Sun Silin şəxsi tanışına ötürməkdə ittiham olunaraq həbs edilib. Ona qarşı 2016-cı ilin dekabrında impiçment elan edilmişdi. 2017-ci il martın əvvəlində Cənubi Koreyanın Konstitusiya Məhkəməsi onun hakimiyyətdən uzaqlaşdırılmasına qərar verib. 2018-ci il aprelin 6-da Seul Mərkəzi Məhkəməsi Park Geun-hye-ni 24 il həbs və 18 milyard von pul cəzasına məhkum edib. 24 avqust 2018-ci ildə Seul Ali Məhkəməsi prokurorluğun apellyasiya şikayətindən sonra Park Geun-hye-nin həbs cəzasını 1 il artıraraq 25 ilə, cəriməni isə 20 milyard vona çatdırıb. 2021-ci il dekabrın 24-də Cənubi Koreya lideri Mun Çje-in seçki ərəfəsində keçmiş dövlət başçısını əfv etdi. Dekabrın 31-də o, sərbəst buraxılıb .
Otto Peres Molina, Qvatemala Prezidenti (2012-2015)
2015-ci ilin sentyabrında Qvatemalanın keçmiş prezidenti Otto Peres Molinaya qarşı gömrük orqanlarında korrupsiyada iştirakda şübhəli bilinərək cinayət işi açılıb. Bundan əvvəl Qvatemala Konqresi yekdilliklə Peres Molinanın istefasını təsdiqləyib, o, hakim toxunulmazlığından məhrum edilib və 2015-ci ilin sonunda həbs edilib.
2021-ci ilin may ayında keçmiş prezidentə qarşı korrupsiya ittihamları aradan qaldırılıb.
Məhəmməd Mursi, Misir Prezidenti (2012-2013)
Misirin keçmiş prezidenti Məhəmməd Mursi haqqında bir neçə cinayət işi açılıb. 2015-ci il aprelin 21-də Qahirə Məhkəməsi Mursi və onun ən yaxın adamlarını 20 il müddətinə azadlıqdan məhrum edib. 2015-ci il iyunun 16-da Qahirənin Birinci İnstansiya Cinayət Məhkəməsi 2011-ci il inqilabı zamanı Vadi əl-Natrun həbsxanasından qaçmasını təşkil etməkdə şübhəli bilinən Məhəmməd Mursiyə ölüm hökmü çıxarıb. Xarici kəşfiyyat xidmətləri üçün casusluq etməkdə ittiham olunan keçmiş lider ömürlük azadlıqdan məhrum edilib. O, 2019-cu il iyunun 17-də həbsxanada vəfat edib.
Ollanta Humala, Peru Prezidenti (2011-2016)
2017-ci ilin iyul ayında Ollant Humala və həyat yoldaşı Nadine Heredia həbs edilib. Humala prezident olduğu dövrdə Venesuela hakimiyyətindən, həmçinin tikinti şirkətlərindən seçki kampaniyalarını maliyyələşdirmək üçün pul almaqda ittiham olunub . 2018-ci ilin aprelində Ollanta Humala və həyat yoldaşı Nadine Heredia azadlığa buraxılıb . 7 may 2019-cu ildə onlar yenidən həbs ediliblər. Məhkəmə barələrində 20 və 26 il azadlıqdan məhrum etmə hökmü çıxarıb.
Dilma Russeff, Braziliya Prezidenti (2011-2016)
2015-ci ildə Dilma Russeffə qarşı cinayət işi açılıb. O, vergi pozuntularında və dövlət vəsaitlərinin sui-istifadəsində şübhəli bilinib. 2016-cı il avqustun 31-də Braziliya senatı Russeffin impiçmenti üçün qərar verib . 2019-cu ilin dekabrında məhkəmə Braziliyanın keçmiş prezidentləri Luiz İnasio Lula da Silva və Dilma Russefə bəraət verib .
Viktor Yanukoviç, Ukrayna Prezidenti (2010-2014)
Viktor Yanukoviç 2014-cü il çevrilişindən sonra Ukraynanı tərk edib . 2015-ci il yanvarın 19-da Kiyevin Peçerski rayon məhkəməsi keçmiş prezidentin qiyabi həbsi barədə qərar çıxarıb. Onun ekstradisiyası tələbi ilə Rusiyaya müraciət edilib və İnterpol səviyyəsində barəsində axtarış elan olunub. 2019-cu ildə Yanukoviç dövlətə xəyanətdə təqsirli bilinib və qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. Yanukoviş ittihamları “siyasi sifariş” adlandırıb.
Benyamin Netanyahu, İsrailin Baş Naziri
Netanyahuya qarşı bir neçə cinayət işi araşdırılır. Ən ciddi ittihamlar - rüşvət almaq, ölkənin ən böyük telekommunikasiya qrupu olan Bezeq-in maraqlarının lobbiləşdirilməsidir.
Netanyahuya qarşı dələduzluq və ictimai etimadı aldatma ittihamları irəli sürülüb. Benyamin Netanyahunun işi üzrə təhqiqat təxminən üç il davam edib. Hazırda iş üzrə dinləmələr davam edir.
Robert Köçəryan, Ermənistan prezidenti (1998-2008)
Robert Köçəryanı 2008-ci il martın 1-də on nəfərin ölümü ilə nəticələnən etirazların dağıdılması ilə bağlı cinayət işi üzrə həbs edilib. O, 2018-ci ildə iki dəfə həbs edilib. 2019-cu ildə Robert Köçəryana külli miqdarda rüşvət almaqda yeni ittiham irəli sürülüb Köçəryan 4 milyon dollar girov müqabilində həbsdən azad edilib.
Serj Sarkisyan, Ermənistan prezidenti (2008-2018)
2019-cu ilin sonunda Ermənistan Xüsusi İstintaq Xidməti Serj Sarkisyanı mənimsəmə yolu ilə dövlətin bir milyon dollardan çox vəsaitini oğurlamaqda ittiham edib. Müstəntiqlərin fikrincə, sui-istifadə hallarına dizel yanacağının kəndlilərə sərfəli qiymətə satılması ilə bağlı hökumət proqramı çərçivəsində yol verilib. Sarkisyanın cinayət işi 2020-ci ilin yanvar ayında məhkəməyə verilsə də, o, layiqli cəzasını almadı və hazırda azadlıqdadır.
Cristina Fernandez de Kirchner, Argentina Prezidenti (2007-2015)
2015-ci il fevralın 13-də Argentina prezidenti Kristina Fernandes de Kirşner, o cümlədən xarici işlər naziri və iki siyasətçi 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzinə törədilən terror aktı ilə bağlı işdə ittiham olunublar . Onlar cinayətkarların cəzasız qalmasını təmin etməkdə ittiham olunurlar. 2017-ci ildə Ali Məhkəmə prezidentə qarşı “vətənə xəyanət” və “caniyə sığınacaq vermək” ittihamlarını təsdiqləyib . 2018-ci ildə Argentina məhkəməsi eks prezidentin barəsində həbs qərarı verib.
Jak Şirak, Fransa Prezidenti (1995-2007)
O, Paris meriyasında çalışarkən saxta iş yerləri yaratmaqda ittiham edilib və iki il şərti cəzaya məhkum olunub. Məhkəmə qərarına əsasən, Şirak "dövlət vəsaitlərinin israf edilməsi", "etimaddan sui-istifadə" və "mənfəət məqsədilə səlahiyyətdən sui-istifadə" maddələri ilə təqsirli bilinib. 26 sentyabr 2019-cu ildə Jak Şirak vəfat etdi.
Nikola Sarkozi, Fransa Prezidenti (2007-2012)
2012-ci ilin yazında Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin Sarkoziyə maliyyə dəstəyi verməsi sonradan fransız prezidentin əleyhinə işlədi. Mətbuatda Qəddafinin Sarkozinin seçki kampaniyasına 50 milyon avro köçürdüyünə dair sənədləri dərc edildi. Seçki pamkaniyası dövründə maliyyə pozuntularına yol verdiyi üçün ona qarşı istintaq işləri başladıldı. 2021-ci il sentyabrın 30-da Paris məhkəməsi keçmiş Fransa prezidenti Nikola Sarkozini bir il müddətinə azadlıqdan məhrum etdi. Sarkozi cəzasını evində elektron nəzarət altında çəkməli olacaq. Digər bir korrupsiya işinə görə, Sarkozi üç il müddətinə azadlıqdan məhrum edilib. Fransa Respublikasının keçmiş rəhbəri hökmdən apellyasiya şikayəti verib
Kurmanbek Bakiyev, Qırğızıstan Prezidenti (2005-2010)
Kurmanbek Bakiyevi 2010-cu il aprelin 7-də dövlət çevrilişi zamanı 77 nəfərin ölümü və 300-dən çox insanın yaralanmasında ittiham olunub. 2010-cu il dövlət çevrilişi nəticəsində Bakiyev rejimi devrildi. Bakıyev və ailəsi ölkədən qaçaraq Belarusa sığındılar. 2016-cı ilin iyulunda Qırğızıstanın Ali Məhkəməsi Kurmanbek Bakiyevin cəzasını qiyabi olaraq ömürlük həbsdən 30 il həbsə dəyişdirdi . Qırğızıstanın hüquq-mühafizə orqanları belaruslu həmkarlarına ekstradisiya tələbi ilə dəfələrlə müraciət ediblər. Belarus prokurorluğu Bakiyevin Belarus vətəndaşı olduğunu əsas gətirərək onu ölkəsinə verməkdən imtina edib.
Mixail Saakaşvili, Gürcüstan Prezidenti (2004-2013)
Mixail Saakaşvili 2013-cü ilin noyabrında ölkənin yeni prezidenti Giorgi Marqvelaşvilinin inauqurasiya mərasimindən sonra Gürcüstanı tərk edib. 2014-cü ildə Gürcüstanın Baş Prokurorluğu bir neçə cinayət işi üzrə Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə qiyabi ittiham irəli sürüb. 2018-ci il yanvarın əvvəlində Tbilisi məhkəməsi onu 2006-cı ildə Mərkəzi Bankın əməkdaşı Sandro Qirqvlianinin qətli işi üzrə qiyabi olaraq üç il müddətinə azadlıqdan məhrum edib. 2021-ci il oktyabrın 1-də Saakaşvili Gürcüstanda saxlanılıb. Siyasətçi Ukraynanın dövlət sərhədindən qeyri-qanuni keçməkdə ittiham olunur. Hazırda həbsdədir.
Rolandas Paksas, Litva Prezidenti (2003-2004)
2004-cü ildə Litvanın Baş Prokurorluğu ölkənin eks-prezidenti Rolandas Paksası seçki kampaniyasının baş sponsoru, Kaunas helikopter təmiri şirkətinin sahibi, Rusiya vətəndaşı Yuri Borisovla əməkdaşlıqda ittiham edib. 2015-ci ildə istintaq Paksası “Nizam və ədalət” partiyasının lideri kimi “Lietuvos rytas” media qrupunun rəhbəri Gedvydas Vainauskasdan 15 min avro rüşvət almaqda ittiham edib. İddialara görə, siyasətçi Prienaidə yeni ticarət mərkəzinin binasından istifadəyə icazə vermək üçün lazımi prosedurlardan yan keçmək üçün tikinti müfəttişlərinə təsir göstərməli olub. Məhkəmə qərarı ilə o, 3 il həbs edilib.
Moşe Katsav, İsrail Prezidenti (2000-2007)
2011-ci ilin martında İsrailin keçmiş prezidenti Moşe Katsav tabeliyində olan əməkdaşına iki dəfə təcavüz, cinsi qısnama, ədəbsizlik və istintaqa mane olmaq cəhdlərində ittiham olunub. O, 7 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə Moşe Katsav azadlığa buraxılıb.
Charles Taylor, Liberiya Prezidenti (1997-2003)
Liberiyanın eks-prezidenti 2006-cı ildə Nigeriyada saxlanılıb və Afrika dövlətinin beynəlxalq məhkəmə qarşısına çıxarılan ilk prezidenti olub. Onun məhkəməsi 2007-ci ildə başlayıb və 2011-ci ilin martında başa çatıb. İstintaqın məlumatına görə, Teylor Liberiya Prezidenti kimi 1991-2002-ci illərdə qonşu Sierra Leonedə davam edən vətəndaş müharibəsi zamanı bu ölkənin əhalisini terrora məruz qoyan qruplaşmanı silahlandırıb. Sierra Leonedə vətəndaş müharibəsi zamanı 120 minə yaxın insan həlak olub. 2012-ci il mayın 30-da Syerra-Leone üzrə Haaqada keçirilən xüsusi məhkəmə Çarlz Tayloru 50 il həbs cəzasına məhkum etdi.
Ömər Əl-Bəşir, Sudan Prezidenti (1993-2019)
Çirkli pulların yuyulmasında ittiham olunan Əl-Bəşir 2019-cu ilin aprelində həbs edilib. Onun evindən 113 milyon dollar tapılıb. O, məhkəmədə etiraf edib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandan ianə üçün 25 milyon dollar alıb.
Ömər əl-Bəşir iki il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin hərbi çevrilişdə, 2003-cü ildə Darfur münaqişəsi zamanı törədilmiş soyqırımə və insanlığa qarşı cinayətlərdə ittiham olunub. O, 2009-cu ildə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılmış ilk mövcud dövlət başçısı olub.
Slobodan Miloseviç, Serbiya Respublikasının Prezidenti (1990-1997), Yuqoslaviya Federativ Respublikasının Prezidenti (1997-2000)
Slobodan Miloseviç Kosovonun Serbiyadan ayrılmasına mane olmağa çalışıb. Kosovo albanları tərəfindən Kosovo Azadlıq Ordusu adlanan qurumun başlatdığı danışıqların və hərbi əməliyyatların sistematik şəkildə pozulması kontekstində o, münaqişənin həlli üçün güc üsullarına əl atdı, O, Beynəlxalq Tribunal (ICTY) tərəfindən insanlığa qarşı cinayətlərdə, kütləvi qırğınların təşkilində və etnik albanları zorla deportasiya etməkdə ittiham edildi. 2001-ci ildə Miloşeviç həbs edilərək Haaqa Tribunalına təhvil verilib. 2006-cı il martın 11-də Slobodan Miloseviç Haaqa Tribunalının həbsxanasındakı kamerasında ölü tapıldı.
Alberto Fuximori, Peru Prezidenti (1990-2000)
Perunun keçmiş prezidenti Alberto Fuximori 2009-cu ildə korrupsiya və digər cinayətlərə görə 25 il həbs cəzası alıb.
Manuel Norieqa, Panama lideri (1983-1989)
Manuel Norieqa 1983-1989-cu illərdə Panamanın faktiki hökmdarı olub. O, 1989-cu ildə Amerikanın bu ölkəni işğal etməsilə devrildi. 1990-cı ildə eks-diktator həbs edilib, 1992-ci ildə isə qəsb və rüşvətxorluğa görə 40 il həbs cəzası alıb. 30 may 2017-ci ildə Manuel Norieqa vəfat edib.
Hüsnü Mübarək, Misir Prezidenti (1981-2011)
2012-ci ilin fevralında kütləvi etirazlar nəticəsində istefa verdi. 2011-ci ildə dinc nümayişlərin dağıdılması zamanı həqiqi güllələrdən istifadə edilməsinə göstəriş verdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. Sonra ittiham ləğv edildi. O və iki oğlu prezident sarayının yenidən qurulması üçün nəzərdə tutulan dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib. Ata 3 il, oğulları isə 4 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci il martın 2-də Misir Kassasiya Məhkəməsi Hüsnü Mübarəkə qarşı yekun bəraət hökmü çıxarıb0. Hüsnü Mübarək 2020-ci il fevralın 25-də vəfat edib.
Augusto Pinochet, Çili Prezidenti (1974-1990)
Pinoçet hərbi çevriliş nəticəsində Çilidə diktatura rejimi qurub. O, İspaniya vətəndaşlarını öldürməkdə ittiham edilib. Vətənə qayıtdıqdan sonra o, dəfələrlə çoxsaylı cinayətlərdə (qətllər, adam oğurluğu, insanlara işgəncə vermək, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya və s.) ittiham edilsə də, məhkəmə tərəfindən heç vaxt məhkum olunmayıb. Pinoçet 10 dekabr 2006-cı ildə vəfat etdi.
Nikolae Çauşesku, Rumıniya Prezidenti (1974-1989)
1989-cu ilin dekabrında Rumıniyada xalq inqilabı başlayandan sonra Çauşesku və həyat yoldaşı Yelena Buxarestdən qaçdılar, lakin tutularaq həbs olundular . Onların məhkəməsi 1989-cu il dekabrın 25 -də Tırqovişte (Rumıniya) hərbi qarnizonunda baş tutub. Cütlük vəzifə səlahiyyətlərindən külli miqdarda sui-istifadə və soyqırıma cəhd ittihamı ilə edam cəzasına məhkum edildi, hökm dərhal icra olundu.
Nurlan
Gundem.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay