BAKU Azərbaycan
°C

Yollar bəzən bizi istədiyimiz ünvana aparır, bəzən də ölümə... Bunun günahkarı özümüz də ola bilərik, bizdən asılı olmayan səbəblər də. Bu dəfə günlər əvvəl bir qadının ölümü ilə nəticələnən qəzanın, eləcə də mütəmadi olaraq qəzaların baş verdiyi Cəfər Cabbarlı küçəsindən bəhs edəcəyik.

Gundem.az Nizami metrosunun yerləşdiyi küçənin qaranlıq tərəflərini işıqlandırmağa çalışacaq. 

Yəqin, yolu buradan keçənlər, yaxud elə bu ünvanda yaşayanlar artıq problemin fərqindədirlər.  Söhbət təxminən 500-600 metrlik məsafədən getsə də, artıq davamlı olaraq müşahidə olunan qəzalar məsələnin ciddiyyətindən xəbər verir. Belə ki, qeyd etdiyimiz ünvanda iki piyada zolağı arasındakı boşluqda qanunsuz hərəkət edənlər kifayət qədərdir. Buradakı piyadalarla həmsöhbət olduğumu zaman isə eşitdiyimiz cümlələr bunlar idi:  “Məsafə uzaqdır”, “İsti havalarda uzaq yol qət edə bilmirəm”, “Yaşlı adamam, buralarda yaşayıram, yolun ortasından keçmək daha sərfəlidir”, “Vaxtım yoxdur, metro tərəfə düşüb oradakı keçiddən istifadə edə bilmərəm”, “Yolu qaydasında keçmək üçün gərək ya yuxarı qalxım, ya da çox aşağı düşüm, halbuki, gedəcəyim yer düz ortadadır” və.s...

Ərazidə piyada zolağının ikisi “Caspian Plaza” kimi tanıdığımız binanın qarşısındadır, digəri isə Nizami metrosunun yaxınlığında...Yolun maili olduğunu da nəzərə alsaq, təbii ki, sürücülərin də hərəkəti nizamlaması çətinləşir. Bəzi sürücülərlə həmsöhbət olduğumuz zaman xüsusilə bu yolla bağlı şikayətlərinin olduğunu dilə gətirdilər. Əksəriyyət bildirdi ki, Cəfər Cabbarlı küçəsində piyadalar zolaq olmayan yerlərdən keçirlər və bu da onlara ciddi problem yaradır, onlar hər an, hər dəqiqə qəzaların qurbanı olacaqlarından ehtiyat edirlər. Xüsusilə bu cür qəzaların iştirakçıları motosiklet, moped kimi nəqliyyat vasitələrindən istifadə edənlər olur. Onlar hərəkətlərini tənzimləyə bilmirlər. Söhbət maili yoldan gedirsə, vəziyyət, ümumiyyətlə, acınacaqlıdır. Elə bunun nəticəsidir ki, ötən günlərdə Cəfər Cabbarlı küçəsində motosikleti idarə edən sürücü yolu keçmək istəyən piyadanı vurub. Nəticədə, 45-50 yaşlarında olan bir qadın hadisə yerində keçinib...

Ətrafdakı sakinlər sözügedən yolda mütəmadi olaraq belə hadisələrlə qarşılaşdıqlarını deyirlər. “Burada demək olar, hamı aşağı və ya yuxarıdakı piyada zolaqlarından istifadə etmək əvəzinə, yolun ortasından keçir. Əvvəllər Nizami metrosuna çatmamış piyada zolağı var idi. Onun izi hələ də qalıb. Bəziləri ya bilərəkdən ya da bilməyərəkdən o zolaqdan istifadə etməyə çalışır. Bu, sürücüləri də qəzəbləndirir. Davamlı olaraq mübahisələrin, yüngül belə olsa, qəzaların şahidi olmuşuq, ölənlər çox olmasa da, xəsarət alanlarla çox qarşılaşmışıq”,- sakinlər bildirir...

“Günahkar kimdir?” sualının cavabı gün kimi aydındır.  Amma vətəndaşları qınamaq da çətindir. Bəziləri sözügedən yolda daha bir piyada zolağının çəkilməli olduğunu iddia edir. Sakinlərlə söhbət etdiyimiz zaman, “Bir halda ki, vəziyyət belədir, bir halda ki, camaat bundan zərər görür, onlara xəbərdarlıq etsələr də, yenə yolun orta hissəsindən keçirlər, olmazmı ki, bu yolun ortasında da zolaq çəkilsin?” kimi suallar səslənirdi.


Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da saytımızla fikirlərini bölüşüb. Ekspertin sözlərinə görə, Cəfər Cabbarlı küçəsində, həqiqətən də, təhlükəli vəziyyət var və bu ərazidə nəzarət mexanizmi düzgün qurulmayıb:

“Hərəkətin təşkili ilə bağlı qüsurlar da, təəssüf ki, mövcuddur. Bu qüsurlar əsasən piyadaların təhlükəsizliyi ilə bağlı məsələdir. Piyadaların istifadə etdiyi keçid məntəqələri ləğv edilir və orada keçid tam silinmirsə, piyadalar ondan yenə də istifadə edirlər. Bunu bilməyən insanlar birbaşa yola çıxırlar və onlar məsələyə Azərbaycan reallığı ilə yanaşırlar. Çünki bir çox ərazilərdə belə silinmiş piyada keçidləri çoxdur. Onlar da fikirləşirlər ki, bunlar da onlardan biridir, silinib bu hala düşüb, amma keçiddir, istifadə edək. Bir çox yerlərdə belə problemlər müşahidə olunur. Boyanın izi orada qalır. İnsanlar da buna aldanırlar və düşünürlər ki, keçid hələ də istifadə olunur”.
Ekspert bildirib ki, belə hallarda mütləq məsuliyyət olmalıdır və aidiyyəti qurumlar nəzarəti elə formada qurmalıdırlar ki, nə sürücülər, nə də piyadalar üçün hər hansı formada problem yaransın:

“Təəssüf ki, bu cür qüsurlar bir çox hallarda piyadaların vurulması ilə nəticələnir. Belə durumlarda ağır xəsarət, ölüm qeydə alınır. Hesab edirəm ki, həmin ərazidə təcili olaraq hərəkətin təşkili və təhlükəsizliyi ilə bağlı müayinə aparılmalıdır, vəziyyət dəyərləndirilməlidir və buna uyğun da tədbirlər görülməlidir. “Caspian Plaza” deyilən binanın qarşısındakı svetafordan tərpənən sürücülər eniş olduğuna görə Nizami metrosu istiqamətinə daha sürətlə hərəkət edirlər. Sağdan, soldan, yol ayrıcından çıxan piyadaları gözləmirlər. Yol ayrıcını keçmə qaydaları mütləq nəzərə alınmalıdır. Burada nizamlanmayan yolayrıcıdırsa, sağ hərəkət üstünlük təşkil edir, bəzən buna əhəmiyyət vermirlər. Yaxud sağdan-soldan çıxan sürücülər əsas yolda hərəkət edənlərə yol verməli olduqları halda bunu etmirlər. Görüntü məhdudiyyəti var, ağaclar yolu kəsir, başqa problemlər də ortaya çıxır. Yəni Cəfər Cabbarlı küçəsində hərəkətin təşkili ilə bağlı qüsurlar var və bu, aradan qaldırılmalıdır. Bu, olmadıqca qeyd edilən problemlər qalacaq, insanlar yol qəzalarının qurbanlarına çevriləcəklər”.


Bəs Cəfər Cabbarlı küçəsində piyada zolaqları ilə bağlı hansısa işlər nəzərdə tutulubmu? Problem necə həll olunacaq?

Bu istiqamətdə rəsmi mövqe də öyrənməyə çalışdıq və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumun cavabı isə bu cür oldu: “Sözügedən küçədə hərəkətin yenidən təşkili ilə bağlı layihə hazırlanıb. Layihədə piyada keçidlərinin təşkili də nəzərdə tutulub”.


Ümid edirik, Cəfər Cabbarlı küçəsində mövcud narahatlıqlar tezliklə aradan qaldırılacaq. Axı hər kəs ünvana sağlam çatmaq arzusundadır….  (Sfera.az)

Son xəbərlər

Universitetlərdəki ixtisaslar əmək bazarının tələblərinəcavab verirmi?

Ermənilər Tovuzda kəşfiyyat uçuşlarına CƏHD ETDİ - RƏSMİ

Ağadadaş Ağayevlə mühafizəçi haqda QƏRAR VERİLDİ - FOTO

Mehriban Xanlarovaya AĞIR İTKİ - FOTO

Məşhur müğənni BOŞANIR - FOTO

Azərbaycanda vəzifəli şəxs xidməti otağında ÖLDÜ

Azərbaycan Serbiyanı COP29-a DƏVƏT ETDİ

Kreml: "Putinin Türkiyəyə səfərinə hazırlıq gedir"

Moldovanın maliyyə naziri İSTEFA VERDİ

Cazibədar müğənni Sofi Fayro klipini təqdim etdi - VİDEO

Gürcüstan axtarışda olan şəxsi Ermənistana TƏHVİL VERDİ

Qadını öldürməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərildi

Bu yerlərdə dayanan avtomobillər CƏRİMƏLƏNƏK - RƏSMİ

Emin Ağalarovbacısının nişanlısını belə TƏQDİM ETDİ

Polad Bülbüloğlu deputatlığa namizəd olacaq?

Tələbələrin köçürülməsinə BAŞLANILDI

Bu rayonda işıq OLMAYACAQ - XƏBƏRDARLIQ!

Tramp Baydenlə Harrisi rüsvayçılıq nümunəsi ADLANDIRDI

Cavanşir Feyziyev: “Əhməd Kabaklı Türkiyə – Azərbaycan ədəbiyyatşünaslıq elmində təməl cığırları açan abidə şəxsiyyətdir”

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar AŞKAR ETDİ

Bütün xəbərlər