BAKU Azərbaycan
°C

Rusiya-Ukrayna müharibəsi başlayandan dünyada nüvə təhdidləri daha çox səslənməkdədir. Bunu daha çox Moskvadan eşidirik. Rəsmilər son günlərdə  tez-tez nüvədən istifadə olunacağıyla bağlı daha təhlükəli bəyanatlar verirlər. Halbuki bu ən təhlükəli silahın partlaması təkcə onun düşdüyü şəhər və ölkə üçün deyil, ümumilikdə qitə, hətta dünya üçün ciddi radiasiya və digər böyük bəşəri problemlər vəd edir. Əslində Rusiya nüvə, radiasiya kimi məsələlərdə daha həssas davranmalıdır. Çünki bu ölkənin özünün də başı zamanında ciddi radiasiya problemlərindən az ağrımayıb. 

Məsələn, bu gün keçmiş SSRİ-də ilk radiasiya qəzasının baş verməsindən 65 il keçir. 1957-ci ilin sentyabrın 29-u qapalı şəhər olan Çelyabinsk-40 (indiki Ozyorsk-red) şəhərindəki kimya zavodunda dəhşətli qəza baş verdi. Tullantı anbarında baş verən partlayış nəticəsində 20 min kvadrat kilometrdən çox ərazidə kəndlər, meşələr və əkin sahələri radiasiya ilə çirkləndi, yüz minlərlə insan təhlükəli dozada radiasiyaya məruz qaldı. Maraqlı və qəribəsi odur ki, 30 ildən artıq bir müddətdə bu irimiqyaslı çirklənmə ilə bağlı məlumatlar “tam məxfi” başlığı altında gizlədilmişdi. Yalnız Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən tarixi qəzadan sonra məsul şəxslər ictimai təzyiqlərə boyun əyərək keçmiş imperiyanın ilk radiasiya qəzası haqqında danışmağa başladılar.

Gundem.az  “Xalqlar imperiyası”nın nüvə sənayesi tarixində qaranlıq ləkəyə çevrilmiş bu hadisə ilə bağlı maraqlı məlumatları, xatirə və hadisə şahidlərinin açıqlamalarını oxuculara təqdim edir:


Kimya zavodunda nə və niyə partlamışdı?

Sonralar "Mayak" adlanan 817 saylı Kimya Zavodu SSRİ-də atom partlayıcısı olan plutonium-239-u istehsal edən ilk müəssisə olub. Onun istehsalından çıxan radioaktiv tullantılar paslanmayan polad qablarda yerin dərinliklərində dəmir-beton kanyonlara qoyulmuş formada saxlanılırdı. Faciəyə səbəb olan 14 saylı bankaya yüksək radioaktiv məhlul isə 1957-ci ilin aprelində tökülüb. Partlayış zamanı onun tərkibindəki tullantıların aktivliyi 20 milyon küriyə çatmışdı. Bu isə Çernobıl AES-də baş vermiş fəlakət zamanı atılan tullantıdan cəmi 2,5 dəfə az olub.

Tullantıların partlamasına nəyin səbəb olduğu hələlik məlum deyil. Hadisəni araşdırmaq üçün təcili olaraq Maşınqayırma Nazirliyi tərəfindən toplanan komissiya şahidlərinin ifadəsi əsasında hadisələri ilkin təsvirini yaradıblar. Partlayışdan 40 dəqiqə əvvəl anbarda olan işçilərin dediyinə görə, ərazidə güclü istilik və sarı tüstü qalxıb.

Dörd il əvvəl istifadəyə verilən kompleksdə radiasiya səviyyəsi yüksək olduğundan bura lazımi qaydada təmir olunmayıb. Eyni zamanda, tullantıların saxlandığı xüsusi qablar qrunt sularının səviyyəsindən aşağıda yerləşirmiş. Buna görə də onları müntəzəm olaraq daha dərinə batırırlarmış. Beləcə konteynerlər yuxarı qalxaraq deformasiyaya uğrayıb, onlarda çatlar əmələ gəlib və radioaktiv tullantılar beton quyulara tökülüb.

Sentyabrın 29-da temperaturu və suyun səviyyəsini ölçən cihazlar da sıradan çıxıb və suyun verilməsi qəfil azalıb,  yaxud da tamamilə dayanıb. Bu da məlum qabların daxilində olan məhlulun temperaturunun kəskin artmasına və onun buxarlanmasına səbəb olub. Radionuklidləri olan quru duz çöküntüsü 350 dərəcədən çox qızıb və saat 16:22-də güclü partlayış baş verib. Komissiya onun nüvə deyil, kimyəvi xarakterli olduğunu müəyyən edib.

Cənubi Ural Biofizika İnstitutunun filialının keçmiş direktoru, hadisə baş verən vaxt hərbi hissədə kiçik həkim işləmiş Eduard Lyubçanski faciəni belə xatırlayır:

"Güclü partlayış hamını qorxutmaqdan çox təəccübləndirdi. Kimya zavodunun yeni binası tikildiyi üçün bizim alayın yaxınlığında mütəmadi olaraq partlayıcı işləri aparılırdı. Amma axşama yaxın başqa obyektlərdə işləməkdən qayıdan hərbi inşaatçılar qəribə fikirlər səsləndirməyə başladılar. Onlar “orada nə isə partlayıb, ərazidə olanların paltarları qəribə hala düşüb” deyirdilər. Beləcə qəribə xəbərlər gəlməyə başladı. Axşam hava qaralanda isə pəncərədən şimal-şərq istiqamətində mavi ulduzlu səmada qırmızı izlər gördüm".

Çelyabinsk-40 şəhəri Sovet xəritələrində qeyd edilmədiyi üçün baş verən fəlakət ona ən yaxın yaşayış məntəqəsinin, Kıştımın adıyla səsləndirildi. Baxmayaraq ki, nə Kıştım, nə də "sorokovka" (yerlilər şəhəri belə adlandırırmışlar-red.) radiasiyadan təsirlənməyib.

Səma üç gün bənövşəyi rəngdə olub...

Partlayış o qədər güclü olub ki, çəkisi 160 ton olan anbarın dairəvi beton örtüyü qoparaq 25 metr kənara atılıb, beton tavanlar isə bir metr yer dəyişib. Partlayış yerində diametri 20 metr, dərinliyi 10 metrə qədər olan krater yaranıb. İçində tullantı olan metal qutular kiçik parçalara ayrılaraq partlayışın episentrindən 150 metr kənara səpələnib.

Partlayış dalğası episentrdən 800 metr aralıda binaların pəncərələrini sındırıb. Radiasiya ilə çirklənmiş daşlar isə partlayışın episentrindən 500 metr radiusa səpələnib. Hətta çirkli daşlardan biri anbardan 900 metr aralıda tapılıb.

"Düzü, mən partlayışı eşitmədim. Amma hiss elədim ki, bir anda sanki nə isə məni işığa qərq etdi və stolun üstündə olan hər şey pəncərədən küçəyə uçdu" - deyə müəssisədə feldşer işləyən "Mayak" veteranı Mariya Jonkina faciəni xatırlayıb". 

Qəribədir ki, o, həmin vaxtı ölənlərin olmadığını eşidib.

"Çölə çıxıb baxdım  ki, müalicə otağının önündəki pəncərə yoxa çıxıb, ətrafda yalnız şüşələr qalıb. Bütün çiçək qabları dağılıb. Heç kim nə baş verdiyini anlaya bilmirdi. Küçədə bir mayor bir qrup əsgərlə yanımdan qaçaraq getdi. O, mümkün itkilər üçün üç təcili yardım çağırmağımı söylədi. Maşınlar gəldi, amma xoşbəxtlikdən ölən olmayıb. Yalnız bir qadın əli yaralanıb, pəncərə çərçivəsi isə kişinin başına düşüb”, - Jonkina qeyd edib.

O qeyd edib ki, partlayışdan yaranmış  çuxurun üzərindən havaya bənövşəyi və narıncı buludlar havaya qalxıb. Partlayış “göbələyi”nin hündürlüyü isə bir kilometri keçib. Onun tərkibindəki radioaktiv maddələrin 90%-i dərhal kimya zavodunun ərazisinə düşüb. Qalan 2 milyon küri şimal-şərq istiqamətində Çelyabinsk, Sverdlovsk, Tümen və bəzi yerlərdə Kurqan vilayətlərinin ərazisinə səpələnib. Şərqi Ural zonasında radioaktiv izlər 270 min insanın yaşadığı 217 yaşayış məntəqəsi olan 23 min kvadrat kilometr ərazini əhatə edib. Ozerski və Çelyabinski güclü radioaktiv çirklənmədən külək axarı xilas edib. On il sonra, çirklənmiş ərazilərdə təbiət qoruğu yaradılıb. Bu gün də ərazinin əksər hissəsindən istifadə etmək qadağandır.

Mütəxəssislər deyirlər ki, xoşbəxtlikdən küləklərin səmti çirkli buludları nisbətən az sayda insanın yaşadığı ərazilərə daşıyıb. Rusiya Təhsil Akademiyası Universitetinin Klinik Psixologiya kafedrasının professoru, tibb elmləri doktoru Vladimir Buykov məsələni şərh edərkən deyib ki, əgər külək buludları Çelyabinskə doğru səpələsəydi, bütün şəhər, böyükdən kiçiyə hər kəs bu fəlakətdən əziyyət çəkərdi.

Qəzadan sonra bir neçə gün səmanı qırmızı tüstü halqaları da bürüyüb. Bu, Çelyabinskdə də görünürmüş. "Çelyabinski raboçiy" qəzeti 6 oktyabr 1957-ci il tarixli nömrəsində onu qütb parıltıları adlandıraraq məlum görüntüləri "qırmızı, bəzən zəif çəhrayı və açıq mavi parıltıya çevrilən" tüstü kimi təsvir edib. 

Vladimir Buykov isə belə xatırlayır: "Parıltı bütün gecə davam etdi. Ertəsi gün onun rəngi azalmağa başladı. Ancaq gecə yenə də parlaq şəkildə meydana çıxdı və o, üçüncü gün yox oldu".

Cihazlar sıradan çıxır, mal-qara qırılırdı...

Hadisədən bir neçə saat sonra radiasiya səviyyəsini ölçən dozimetrləridaşıyan xüsusi işçilər partlayışın baş verdiyi ərazinin ətrafında gəzməyə başladılar. Ortaya çıxan doza, rəqəmlər insanların təhlükəsiz zonaya təxliyəsi ilə bağlı təcili qərarların qəbulunu qaçılmaz edib.

Veteran Mariya Jonkina deyir: "Mən radiasiya səviyyəsini ölçmək üçün cihazı işə saldım və onun xarab olduğunu gördüm. Partlayışdan az əvvəl bizə amerikalılar atom bombası atacaqları təqdirdə, necə davranacağımızı öyrədirdilər. Amma təhlükənin əcnəbilərin müdaxiləsi olmadan da yarana biləcəyini bilmirdik".

Partlayışın episentrindən 23 kilometrə qədər olan ərazidə həyat üçün təhlükəli radiasiya dozası olub. Bu, üç hərbi hissə, bir məhbus düşərgəsi və üç kənd təhlükə zonasında olub. İlk gündəcə onların evakuasiya edilməsi qərara alınıb.

Hərbi hissənin ərazisində dozanın gücü saatda 6 rentgenə (insanlar üçün təhlükəsiz səviyyədən təxminən yüz min dəfə yüksəkdir - red.), qapalı yerlərdə isə saatda üç rentgenə çatıbmış.  Bütün hərbi qulluqçular dərhal küçələrdən kazarmalara daşınıb və təcili təxliyə hazırlığına başlanılıb. Girişdə mühafizəçilər yerləşdirilib. Onlar hərbçilərin kazarmadan yalnız ciddi ehtiyac yarandıqda və rezin çəkmələrdə çıxmağa icazə veriblər. 

Evakuasiya başlayanda isə radiasiya ilə çirklənmiş hərbi düşərgənin başlanğıcından əsgərləri soyundurub 150-200 metr qaçmağa məcbur ediblər. 200 metr sonrakı ərazidə onları qarşılayan xüsusi hərbçilər əsgərləri yeni paltarlarla geyindirir, maşınlara mindirərək təhlükəsiz yerə daşıyırlarmış.
Həmin il tərxis edilməli olanlara isə yalnız qəzadan əvvəl yığıb qapalı şəkildə çemodanlarda saxladıqları əşyaları özləri ilə aparmağa icazə verilib. Qalan hərbçilərə aid hər şey məhv edilib.

Faciəni xatırlayan texnik-konstruktor Gennadi Sidorov isə deyib ki, qonşu kəndlərin sakinlərinin köçürülməsi daha çətin olub. Bir çox insanlar yaşayış yerlərini tərk etməkdən tamamilə imtina ediblər. 

"Biz sakinlərlə danışdıq, evlərdə radiasiyanı ölçdük, əmlakın qiymətləndirilməsi üçün binaların uçotunu apardıq. Noyabrda Ozyorsk yaxınlığında işlərə başlamışdıq və Sverdlovsk vilayətində bitirdik. Orada iki kənd köçürüldü. Ya pul təklif edilirdi, ya da sovxoz evləri. Təbii ki, bizə inamsızlıq yaranmışdı. Ehtiyat edirdilər ki, aldada bilərik. Hədə-qorxu da oldu, silahla, balta ilə üstümüzə gələnləri də gördük. Az qala bizi öldürəcəkdilər. Bütün bunlar ona görə idi ki, insanlar niyə ərazidən çıxarıldığını anlamırdılar, onlara heç nə deyilmirdi. Bizə hər hansı izahat vermək qadağan edilmişdi. Yadımdadır, uzun saqqallı, güclü bir baba evdən çıxaraq bu sözləri demişdi: “Oğlum, niyə məni qovmaq istəyirsən, bütün ailəm burada qəbiristanlıqda yatır”. Mən isə izah etdim ki, indi bu ərazidə qalmaq sağlamlıq üçün ciddi təhdid yaradır. İnanmadı, dedi ki, guya bu ərazidə sadəcə uran yatağı tapılıb".

Maraqlıdır ki, həqiqətən də sonrakı günlərdə ərazidən uran yatağının işlənməsi kütləvi köçün ən məşhur izahlarından birinə çevrilibmiş. İnsanlar radiasiyadan xəbərdar olmadı və görmədilər. Heç onu hiss də etmədilər. Ona görə də kütlə üçün təhlükə uzaqda görünürdü... Məhz bu səbəbdən sonradan qadağalara baxmayaraq, çirklənmiş ərazilərdə yaşayan sakinlər heç nə olmamış kimi sakitcə məhsul yığmağa, balıq tutmağa və çirklənmiş süd və su içməyə davam edirmişlər.

Gennadi Sidorovun sözlərinə görə, ən ağır mənzərə məhsul və mal-qaranın insanların əlindən necə alındığını izləmək olub. Dərin yoxlamalardan sonra məhsullar və heyvanların normadan artıq çirkləndiyi üzə çıxırmışsa, onları məhv edirlərmiş.

Biofizik Eduard Lyubchanski isə qapalı cərəyan edən məlum faciəvi hadisələrlə bağlı bunları deyib: "İnsanlar mal-qarasız getmək istəmirdilər.  Yalnız mal-qaranın radiasiyadan ölməyə başladığını görəndə köçməyə razılaşıblar. Açıq səma altında çöllərdə otlayan həmin heyvanlar tez ölürdülər. Onlar xeyli yüksək dozada radiasiya almışdılar və şüadan yaranan kəskin xəstəliklərə tutuldular. Onların südü insanlar üçün daha çox təhlükəli idi. Ona görə də köçürülən kəndlərdə inək və keçi kəsilirdi ki, yeyilməsin, südü içməsin".

Hətta partlayışdan həftə yarım sonra köçürülən kəndlərin bir hissəsində uzun müddət küçədə qalmış kəndlilərdə heyvanlarda olduğu kimi şüa xəstəliklərinin əlamətləri müşahidə olunub.

“Onlar bilirdilər ki, qapalı yerlərdə gizlənmək lazımdır və küçəyə çıxmaq olmaz. Ancaq mal-qaranı da bəsləmək lazım idi. Bu səbəbdən də insanlar daha çox radiasiyaya məruz qalmışdılar", -  biofizik deyib.

Yerli sakinlərin sözlərinə görə, zavodun yaxınlığında olan su hövzələrindəki bütün balıqlar da qısa zamanda ölüblər.

Radiasiya ilə çirklənmiş ərazilərin sakinləri artıq sonrakı illərdə, 40-45 yaşlarında 70 və daha yaşlı görünürmüşlər. Həm kişilərin, həm də qadınların tez bir zamanda saçları tökülürmüş. Onlarda yaranan xroniki yorğunluqlar sakinlərin iş yerlərini vaxtından tez tərk etməsinə səbəb olurmuş. 

Şüaya məruz qalmış qadınlar isə bədənlərində olan radionuklidləri gələcək uşaqlarına ötürürlərmiş. Və əgər hər iki valideyn radiasiyaya məruz qalıbsa, onların uşaqlarının xərçəngə tutulma ehtimalı daha yüksək olub. Təsadüfi deyil ki, bu gün onkoloji mərkəzlərdə 1957-ci ilin sentyabrında Şərqi Uraldakı radiasiyadan çirklənmə zonasına düşmüş insanların uşaqlarının və nəvələrinin nəslinə daha çox rast gəlmək olar.

“Kıştım faciəsi” adı alan və tarixin bu "Mayak" dərsi SSRİ-yə Çernobıldakı atom elektrik stansiyasında baş verən qəzadan sonra müəyyən mənada kömək etdi.

 

Turqut 

Son xəbərlər

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU

Türkiyə HƏMAS-la danışıqlar APARACAQ

Şüvəlanda yol qəzası - xəsarət alanlar var

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

Gürcüstan Prezidenti aksiyaçılara dəstək verdi

“Böyrək problemim var, donor tapılsa...” - VİDEO

Zaqatalada zəhərlənənlərin VƏZİYYƏTİ NECƏDİR? - VİDEO

Goranboyda usta yıxılaraq öldü

Rişi Sunak: Britaniya İsrailin yanındadır

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Tiflisdə etirazçılar parlamenti mühasirəyə almağa çalışır

Azərbaycanda bu matçla bağlı araşdırma aparılır - VİDEO

Laçın hava limanından son görüntülər

Gəncə sakini itkin düşdü

İranın 9 raketi İsrailin iki bazasını vurub

İbtidai siniflər üçün 5 günlük tətil olacaq

Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth etdi - FOTO

İşsizlərin NƏZƏRİNƏ - Sabah CV ilə birlikdə...

Bu ölkə Türkiyə vətəndaşlarına viza rejimi tətbiq etdi

Bütün xəbərlər