Qadınlar və kişilər niyə uşaq sahibi olmaq istəmirlər? - AÇIQLAMA
ABŞ-də yeni aparılan tədqiqat qadınların 64 %-nin, kişilərin isə 50 %-nin uşaq sahibi olmaq istəmədiyini üzə çıxarıb.
Bəs buna səbəb nədir? Niyə qadınlar və kişilər uşaq sahibi olmaq istəmirlər?
Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, dövrümüz dəyişdikcə ailə dəyərləri aşağı düşür.
"Nənə-babalarımızın dövründə qızlarımızın iqtisadi azadlığı yox idi. Onların tək amalı evlənib uşaq dünyaya gətirmək idi. Amma artıq qızların əksəriyyəti özləri işləyir və öz ehtiyaclarını təmin edə bilirlər. Bu isə onların evlənmək istəklərini azaldır. Evlənənlər isə tez bir zamanda uşaq sahibi olmaq istəmirlər. İndiki gənclər övladlarına daha yaxşı həyat bəxş etmək istəyirlər. Məhz bu baxımdan ilk növbədə maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün çalışırlar. Lakin bu, düzgün yanaşma deyil. Uşaqların hər arzusu yerinə yetirilsə də, onların daima yeni istəkləri olacaq. Bu məsələdə ətraf mühitin də təsiri böyükdür. Yaxşı getməyən evliliklər, uşaq böyütməyin çətinlikləri barədə fikirlər də insanlara mənfi örnək olur. Bu tip insanlar ətrafdan eşitdiklərindən qorxur və valideyn olmaq planlarını ertələyirlər. Qızlara elə təlqin edirlər ki, guya karyera və ailə bir arada ola bilməz. Bizim bir çox xanımlarımız var ki, ailəsi və karyerası bir yerdə olduqca rəvan formada inkişaf edir. Mən başa düşmürəm ki, ailə sahibi olmaq niyə karyeraya tərs mütənasib kimi göstərilir? Gənc qızlar da buna görə evlənməkdən çəkinirlər. Düşünürlər ki, evlənsələr, təhsil, karyera həyatları, əziyyətləri puç olacaq. Amma qızlar əslində ailəsini və karyerasını bir arada normal şəkildə saxlaya biləcəklərinin fərqində olmalıdırlar və dünyaya uşaq gətirmək üçün müəyyən yaş kateqoriyasının əhəmiyyətini bilməlidirlər".
Psixoloq qeyd edib ki, kişilərdə isə vəziyyət fərqlidir:
“Onlar məsuliyyət götürməkdən qaçırlar. Ata olduqdan sonra maddi sıxıntılarının artacağını düşünürlər. Övlada yalnız maddi sıxıntı olaraq yanaşmaq düzgün deyil. Kişilərin əksəriyyəti isə yoldaşı ilə anlaşa bilmədikdə uşağın olmasını istəmirlər. Çünki uşağın ayrılığı çətinləşdirdiyini düşünürlər. Təbii ki, aliment ödəmək də onlar üçün böyük problemə çevrilir".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay