"Trampa qarşı “növbəti sui-qəsd cəhdi” xəbəri ictimai rəyə hesablanıb" - ŞƏRH
Ötən gün ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı daha bir sui-qəsd cəhdi olub. Məlumata görə, Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib. Sabiq prezidentin vəziyyətinin yaxşı olduğu bildirilsə də, əlavə məlumat verilməyib. Şübhəlinin saxlanıldığı bildirilir. Mətbuatın məlumatına görə, bu, 58 yaşlı Rayan Rutdur. Qeyd olunur ki, Rut silahın lüləsini Palm Biçdə (Florida) yerləşən Tramp Beynəlxalq Qolf Klubunun hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 m aralıda olub. “The New York Post” Rayan Uesli Rutun əvvəllər Ukraynaya səfər edərək Kiyev hakimiyyətinə dəstək verdiyini yazıb.
Maraqlıdır, Trampa edilən sui-qəsd cəhdinin pərdəarxasında nələr dayanır?
Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, öncəki sui-qəsd cəhdi Trampın əlini kifayət qədər gücləndirib:
“Sabiq prezident ilk debatdan qalib ayrıldı. Ardınca respublikaçılar sentyabrın 10-a təyin edilən ikinci debatda düşündülər ki, Baydeni tamamilə nüfuzdan salacaqlar. Proses demokratların əleyhinə cərəyan etdiyi vaxt “məğlub” Baydenin yerinə Harrisin namizəd olması mənzərəni dəyişdirdi. Debata Bayden yox, Harrislə çıxan Tramp bu dəfə istədiyi nəticəni əldə edə bilmədi. Debatdan sonra rəy sorğularının nəticələri də respublikaçıların namizədinin əleyhinədir. Bu baxımdan düşünürəm ki, proseslərin inkişafı fonunda Trampa qarşı “növbəti sui-qəsd cəhdi” ilə bağlı informasiyaların ictimai rəyə hesablandığı ehtimalı daha güclü görünür”.
Ekspert vurğulayıb ki, bütün ölkələrdə namizədin ölümlə təhdid edilməsi elektoratın dəstəyini qazanmaqda effektiv metoddur.
Xatırladaq ki, Donald Tramp 2 ay əvvəl Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qulağından güllələnmişdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay