Çingiz Abdullayev “məhkəmədə görüşərik” dedi, deputat isə... – “Görün, pulu harada axtarır?”
ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından Azərbaycan Yazıçılar Birliyi (AYB) bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal açıqlama verməli və aparıcı cəzalandırılmalıdır.
Çingiz Abdullayev isə ATV kanalını məhkəməyə verməyə hazırlaşır. Yazıçı bunları deyib:
“Azərbaycan Yazıçılar Birliyinin hüquqşünası məhkəməyə xüsusi ittiham qaydasında şikayət hazırlayır. İddiaçı təşkilat ola bilməz deyə, mənim adımdan yazılacaq. Təzminat 1 manat da olsa, 100 min manat da olsa, almayacağam. Hamısını şəhid ailələri üçün köçürəyəcəyik. Mənə nə o aparıcının, nə də telekanalın pulu lazımdır. Aparıcı danışıb, öz səviyyəsini göstərib.”
Gundem.az qeyd edir ki,Sfera.az-ın məlumatına görə, Çingiz Abdullayevin bu açıqlamasına irad isə deputat Etibar Əliyevdən gəlib:
“Diqqət edin, Azərbaycanının Xalq yazıçısı məhkəmədə udacağı pulu şəhid ailələrinə bağışlamaq istəyir. Əslində, Ç. Abdullayev kitablarının satışından gələn pulları şəhid ailələrinə xərcləməli olduğu halda, görün pulu harada axtarır”.
Deputat bildirib ki, Yazıçılar Birliyinin bu məsələyə müdaxiləsi tamamilə absurddur:
“Əslində, Kubra xanım Çingiz Abdullayevə qarşı nalayiq ifadə işlətməyib. O, detektiv janrını "zir-zibil" adlandırıb. Mən Çingiz Abdullayelə bir neçə tədbirdə məruzəçi kimi iştirak etmişəm. Bu adamda özündənrazılıq xeyli komplekslər formalaşdırıb. Bəlkə bunu özü bilmir. Ancaq yaxın adamları bunu ona deməlidirlər. Yazıçıların əsərləri barədə fərqli fikirlər həmişə olub və olacaq”.
Deputat yazıçının baş verənlərə tolerant yanaşacağını düşünür:
“Məncə, Çingiz müəllim məhkəmə iddiasından geri çəkiləcək. Yazıçılar Birliyinin bu məsələyə müdaxiləsi isə tamamilə absurddur. Absurd teatrdır. Absurd teatr isə gözəl janrdır və “zir -zibil” deyil…”
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay