Qızılın qiyməti 6 dəfədən çox BAHALAŞDI - MÜQAYİSƏ
Son 20 ildə ən gəlirli sərmayə növlərindən biri də qızıl olub. Qızılın dəyəri bu dövrdə 6 dəfədən çox artaraq sahiblərinin sərvətini xeyli artırıb.
Gundem.az xatırladır ki, 20 il əvvəl, yəni 2004-cü ildə xalis qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 450 dollar idi. Həmin dövrdə bir qram qızıl 14,5 dollara satılırdı. Amma hazırda qızılın qiyməti 2730-2750 dollar arasında dəyişir. İndi qızılın bir qramı 88 dollara yaxındır.
2004-2011-ci illər arasında qızıl davamlı bahalaşıb. Bu müddətdə “nəcib metal”ın qiyməti 450 dollardan 1820 dollara qədər yüksəlib. 2012-2015-ci illər qızılın qiyməti üçün tənəzzül dövrü olub və həmin dövrdə "nəcib metal" 1080 dollara qədər ucuzlaşıb. Lakin 2015-ci ildən başlayaraq qızılın dəyəri yenidən yüksələrək hazırkı qiymət səviyyəsinə çatıb.
Qızılın dəyərində güclü artımların biri 2024-cü ildə müşahidə edilir. Bu il ərzində qiymətli metalın dəyəri təxminən 700 dollar artıb.
Müqayisə üçün bildirək ki, qızılın dəyəri 2004-cü ildən öncəki iyirmiillik dövrdə belə yüksək sürətlə artmamışdı. 1984-2004-cü illəri əhatə edən 20 ildə qızılın qiyməti 325 dollardan 450 dollara qədər yüksəlib ki, bu da cəmi 38,5 faiz artım deməkdir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay