Türkiyədə üç nazir müavini vəzifədən azad edildi, növbə Yaşar Gülərdədir? - AÇIQLAMA
Ötən gün Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Bu barədə Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. Bildirilib ki, milli müdafiə nazirinin müavini Cemal Sami Tüfekçi vəzifəsindən azad olunub, onun yerinə Musa Heybet təyin edilib. Təhsil nazirinin müavini Kemal Şamlıoğlunun yerinə Muhammet Bilal Macit, səhiyyə nazirinin müavini Huzeyfe Yılmazın əvəzinə isə Yasin Ayfer Erkoç təyin olunub.
Maraqlıdır, Türkiyədə nə baş verir?
Bununla bağlı Gundem.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, təyinatlarda ən diqqətçəkən məqam Milli Müdafiə Nazirliyi ilə bağlıdır.
O xatırladıb ki, keçmiş nazir müavini C.S.Tüfekçi daha çox hərbi təyinatlı obyektlərin işinə nəzarət edirdi:
“O, mexanika mühəndisliyi üzrə Türkiyənin əsas mütəxəssislərindəndir. ABŞ-də təhsil alan C.S.Tüfekçi bu il Türkiyədə keçirilən prezident seçkilərindən sonra hökumətin yeni heyəti formalaşanda nazir müavini təyin edildi. M.Heybetin də bioqrafiyası kifayət qədər zəngindir, amma o, sələfindən fərqli olaraq xaricdə təhsil almayıb. Bir müddət əvvəl Türkiyədə hərbi akademiyanın məzun günündə leytenantların qılınc çıxararaq “Musfata Kamal Atatürkün əsgərləriyik” demələri ölkədə gündəmin əsas mövzularından birinə çevrilmişdi. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada məsələ ilə bağlı araşdırmanın başlanacağı qeyd olunmuşdu. Bunun fonunda milli müdafiə naziri Yaşar Gülerin istefaya göndəriləcəyi barədə iddialar yayılmışdı. Sözügedən istefanın bu hadisə ilə bağlı olması nəzəri cəhətdən mümkündür. İstefanın pərdəarxasında məhz bu məqamın olması istisna deyil”.
Şərhçi bildirdi ki, digər nazir müavinlərinin də işlərindən azad edilməsi ictimai rəyi yayındırmaq üçün ola bilər:
“Nəzərə almaq lazımdır ki, keçmiş nazir müavininin tutduğu vəzifənin baş verən hadisələrlə əlaqəsi yoxdur. O, daha çox ordunun maddi-texniki təminatı ilə məşğul idi. Bu mənada Ərdoğanın müvafiq sərəncamının arxasında başqa səbəblərin olması tamamilə mümkündür. Yox, əgər səbəb son günlər müzakirə olunan məsələdirsə, onda yenə də iki versiya üzərindən çıxış etmək olar. Bu, mövzunu bağlamağa, məsələni unutdurmağa hesablanmış addım idi. C.S.Tüfekçi bir növ “günah keçisi” kimi göstərildi, yaxud da, ola bilsin, prosesin davamı gələcək. Bu mənada az olsa da, Y.Gülerin istefa verməsi və ya vəzifəsindən azad olunması ehtimalı hələ də var”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay