BAKU Azərbaycan
°C

Gündəm.az-ın suallarını deputat Aqil Abbas cavablandırıb. 

Müsahibəni təqdim edirik. 

- Aqil bəy, Azərbaycanın beş sülh təklifinə cavab olaraq Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Dağlıq Qarabağ ərazi yox, hüquq məsələsidir. Belə çıxır ki, Ermənistanda hələ də düşünürlər ki, Azərbaycan Qarabağdakı ermənilərə xüsusi hüquq verəcək?

- Ermənistanın Qarabağdakı ermənilərlə bağlı düşüncələri boş şeydir və elə erməni arzusu olaraq qalacaq. Qarabağdakı ermənilərin hüquq və azadlıqları var. Onlar Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, digər vətəndaşlarımız kimi bütün hüquq və azadlıqlardan yararlana biləcəklər. Əks təqdirdə isə yolları açıqdır. Hara istəsələr gedə bilərlər. Qarabağdakı ermənilər göydən zənbillə düşməyib axı...

- Ermənistan hakimiyyətindəki siyasilərlə Qarabağdakı ermənilərin qeyd olunan məsələyə baxışlarında fərq var. Paşinyan və ətrafı artıq Azərbaycana qarşı ərazi iddiaları səsləndirmir, amma Qarabağdakı ermənilərin rəhbərləri hələ də Şuşa, Hadrut və digər ərazilərin “azad ediləcəyi” arzusu ilə yaşayırlar. Bu ziddiyyəti necə qiymətləndirmək olar? 

- Bu danışılmış oyunlardır. Qarabağdakı 30-40 min erməni nə böyük gücdür ki, nəsə edə bilsin? Paşinyan başa düşür ki, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinə iddia etmək dünyada yaxşı qarşılanmır. Ona görə də bu işləri Qarabağda separatçı ermənilərin əlilə həyata keçirirlər. Burada pul, qrant söhbətləri də var. Dünyada Azərbaycanı istəməyən qüvvələr Qarabağdakı ermənilərə yardım edirlər ki, istədikləri vaxt onların vasitəsilə təxribata əl atsınlar. Amma nahaq əziyyət çəkirlər. Azərbaycan ordusu Ermənistana, separatçılara elə bir zərbə endirib ki, ömürlərinin axırına qədər çətin unutsunlar. Qarabağdakı ermənilər ipə-sapa yatmasalar daha dəhşətli zərbələrini alacaqlar. 

- Sizcə, Paşinyan Zəngəzur dəhlizinin açılmasına icazə verəcəkmi?

- Zəngəzur dəhlizinin açılması Ermənistanın özü üçün də faydalıdır. Bunu Ermənistanda bəzi ağıllı adamlar başa düşürlər. Onlar naz edirlər, biz də göstərdik ki, Naxçıvanla quru yolu birləşdirmək problem deyil. Alternativ yol çəkdik. Qumar dili ilə desək, ermənilərin “21”nə iki “tuz” çıxardıq. Əvvəl-axır məcbur olub o yolu açacaqlar. 

- Nə üçün Ermənistan rəhbərliyi Azərbaycanın sülh təkliflərini Rəsmi Bakı ilə birbaşa deyil, beynəlxalq təşkilatların, xarici ölkələrin vasitəsilə müzakirə edir?

- Bilirlər ki, onlar Azərbaycan diplomatiyasının qarşısında uduzacaqlar. Həm də onların xaricdə yaxşı dəstəkçiləri var. Elə biri ATƏT-in Minsk qrupudur. Azərbaycan üçün Minsk qrupu deyilən qurum yoxdur. 30 ildir ki, münaqişəni həll edə bilməyən bir qurum bundan sonra nə edəcək? Bu dəqiqə Azərbaycan və Türkiyə dünyada öz siyasətlərini məsləhətli və müstəqil şəkildə aparırlar. Heç bir ölkənin siyasətinə baş əymirik. Ermənistan dalana dirənib. Çıxış yolları var. Prezident İlham Əliyevin sözünə qulaq assalar, böhrandan çıxa bilərlər. Onlar Türkiyə və Azərbaycanla normal münasibət qurmalı, kommunikasiya xətlərindən yararlanmalı və beynəlxalq aləmə çıxışı təmin etməlidirlər. Bunun üçün cənab Prezident İlham Əliyevin təkliflərini qəbul etməlidirlər. 

- Bir müddət öncə Avropa Parlamenti guya Qarabağda ermənilərin mədəni irslərinin Azərbaycan tərəfindən dağıdıldığına dair qərar qəbul edib. Buna münasibətiniz necədir?

- Avropa Parlamentinin deputatlarını “Kamaz”a yığıb Qarabağa gətirmək lazımdır. Görsünlər ki, ermənilər evlərimizi, məscidlərimizi, tarixi tikililərimizi hansı vəziyyətə salıb. Onlar gəlib mənə Ağdamda, Cəbrayılda, Kəlbəcərdə, Şuşada bir dənə erməni mədəni irsi göstərsinlər. Kilsə nə vaxtdan sırf ermənilərin mədəni abidəsi olub? Ən əsası o kilsələrə kim toxunub? Hamısı yerindədir. Onlar qədim alban abidələridir və Azərbaycanın hər yerində mövcuddur. Avropalı deputatlar həqiqəti bizim qədər bilirlər. Amma həqiqət onların veclərinə deyil. Məqsədləri türk və müsəlman ölkəsi olan Azərbaycanın nüfuzunu zədələməkdir. Bunu da ermənilərin vasitəsilə həyata keçirirlər. 

- Müsahibələrinizin birində demisiz ki, Rusiyanın Ukraynada məğlub olması Azərbaycanın maraqlarına cavab verir. Söhbət hansı maraqlardan gedir?

- Əgər Rusiya çöksə, avtomatik olaraq Qarabağdakı sülhməramlılar Azərbaycanın ərazisindən çıxacaqlar və Azərbaycan dövləti oradakı ermənilərlə söhbət etmək, müzakirə aparmaq imkanı əldə edəcək. Söhbət də ondan ibarət olacaq ki, həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul edir və adam balası kimi orada yaşayırlar. Ya da ölkəmizi tərk edirlər. Düzdüz, Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda yerləşməsinə razılıq verib və biz bu razılaşmanı birtərəfli qaydada poza bilmərik. Mənim rus sülhməramlılara yazığım gəlir. Ermənilərə ev tikirlər, yer işləyib üzüm, kartof, soğan əkirlər və s. Zorla Ermənistandan erməniləri gətirib Qarabağa tökürlər. Müharibədən sonra ermənilər Xankəndiyə gəlmək istəmirdilər, onları zorla gətiriblər. Ağıllı ermənilər geri dönmədilır, getdilər Rusiyaya, Fransaya, İrəvana. Fağırları gətiriblər. Gec-tez sülhməramlılar oradan çıxacaqlar. Əbülfəz Elçibəy demiş, hər şeyin zamana ehtiyacı var. Prezident İlham Əliyev də bildirib ki, nəyi, nə zaman eləmək lazım olduğunu o bilir. Məncə, biz narahat olmamalıyıq.  Ukraynadakı proseslər də Rusiyanın bu məsələlərə baxışını dəyişə bilər. Bütün hallarda, Rusiya uduzsa da, udsa da Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq. Buna heç kimin şübhəsi olmasın. Amma Rusiya bütün hallarda Ukraynda uduzacaq. Bu da Azərbaycana sərf edir. 

- Politoloqlar bildirirlər ki, əgər Rusiya Ukraynada qalib gəlsə, növbə digər MDB ölkələrinindir. Siz necə düşünürsünüz?

- Əvvəla politoloqların sözlərini şərh etmək istəmirəm. Çünki indi politoloqların sayı jurnalistlərdən çoxdur və hərəsinin də ağzından bir avaz gəlir. Bütün böyük güclərin məqsədi genişlənmək, digər ölkələri özlərindən asılı vəziyyətə salmaqdır. NATO da genişlənmək istəyir, Rusiya da. Putin də deyir ki, nə üçün sizə olar, bizə yox. Amma Putin səhv yol tutdu. Müstəqil ölkənin ərazisinə hərbi hücum etdi və indi də günahsız insanları qırır. Ukraynanın şəhərlərinə baxıram. Xarkovda yanmış, dağılmış evləri görəndə Ağdam gəlir gözümün qabağına. Bizə yad olan mənzərə deyil. Əlbəttə ki, mənən Ukrayna xalqının yanındayam. Amma təəssüf ki, Ukraynaya olunan dəstəyin 1 faizi Azərbaycana verilmir. 44 günlük Vətən müharibəsində bizə nə qədər maneəçilik törətdilər. Muzdlular ordan getdi, terrorçular burdan getdi. Amma bu gün Ukraynaya könüllülər yığırlar, ən müasir silahlar verirlər. Nə yaxşı ki, bizim Prezidentimiz uzaqgörən, savadlı bir adamdır, nə yaxşı ki, bizim Türkiyə kimi qardaş dövlətimiz var. Yoxsa bizə imkan verərdilər, Qarabağı alaq? Amerika Ukraynaya milyardlarla pul, silah yardımı edir. Azərbaycan üçün nə etdilər? Ukraynanın, Gürcüstanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər, Azərbaycana gəldikdə isə deyirlər ki, Qarabağdakı bir ovuc ermənilə razılaşın, onlara status verin.

Söhbətləşdi: Nurlan
 

Son xəbərlər

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Azərbaycanda general VƏFAT ETDİ

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Azərbaycan nefti UCUZLAŞDI

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Qəzzada öldürülən jurnalistlərin sayı 141-ə ÇATIB

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Xavi “Barselona”da qalacaq

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Ağdamda iki hotel tikilir

Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Bütün xəbərlər